Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Təcili oxuyun!
Tamerlan İsmayılov
Tamerlan İsmayılov
13 May, 2019
1981

Təcili oxuyun!

Agentlik əməkdaşlarının ən eşitmək istəmədikləri, amma eşitməyə məcbur olduqları sözlər siyahısından top 10 sıralaması düzəltsək, yəqin ki, birinci yeri “təcili” sözü böyük fərqlə götürər.

Fors-major hallar baş verə və təcili məsələlər yarana bilər, amma ötən illərin müşahidələri bunu deməyə əsas verir ki, həqiqi təcili işlər ümumi müraciətlərin 5%-dən çox deyil, lakin ümumi müraciət edənlərin yarıdan çoxu işin çox təcili olduğunu deyir. Təcrübədən bir misal verim, təqribən 2 il əvvəl müştərilərimizdən biri (Azərbaycanın ən böyük şirkətlərindəndir) bizdən təcili bir kommunikasiya təklifi istədi. Təcili olduğunu dəfələrlə qeyd edib xahiş etdilər ki, bu həftə ərzində lazımdır. 2 fərqli təklif hazırlayıb verdik və dəfələrlə müraciət etməyimizə baxmayaraq bir də bu məsələyə 1 il sonra qayıtdılar. Bəs təcili idi ? :) Belə halları demək olar hər ay yaşayırıq.

Bunun səbəbləri nədir?

  1. Müştəri agentliyə güvənmir (bundan əvvəl olan uğursuz əməkdaşlıq təcrübələri buna səbəb ola bilər) və düşünür ki, belə deməsəm işimi gecikdirəcəklər, mümkün qədər sıxışdırmalıyam.
  2. Müştəri marketinqə önəm vermir, sadəcə bilir ki, bu da olmalıdır, ona görə bununla bağlı işləri ən son ana saxlayır, araşdırma, analiz və s. kimi mərhələləri isə ümumiyyətlə ötürür. Bu hala həm yeni qurulan şirkətlərdə, həm də yeni layihə, kampaniya etmək istəyən orta və iri lokal şirkətlərdə tez-tez rast gəlmək mümkündür.
  3. Keyfiyyət önəmli deyil – tez-bazar alınan işin keyfiyyəti müştərini qane edir, işi edən şəxs də bundan heç narahat olmur. Keyfiyyətsiz iş isə təbii ki, istədiyiniz nəticəni sizə vermir.
     

Belə etdiyiniz halda istəməyəcəyiniz, lakin qaçılmaz nəticələr əldə edirsiniz:

  • Marketinqə xərclədiyiniz böyük olmayan büdcələrin demək olar hamısı boşuna gedir
  • Bununla da marketinqə inamınız itir, növbəti dövrlərdə marketinqi bir kənara qoyub qısamüddətli satışlara fokus olmaqla daha böyük fəsadlara yol açırsınız
  • Fəsadlar artıq SOS! siqnalı verməyə başlayanda yenidən yadınıza marketinq düşür (və ya kimsə sizə xatırladır) və siz bir agentlik tapıb onlara sizə TƏCİLİ kömək lazım olduğunu bildirirsiniz. Beləcə, bu çıxılmaz halqa yenidən təkrarlanır.

 

Təcili təklif, təcili vebsayt, təcili brendinq. Hara tələsir bu şirkətlər, sahibkarlar? Əgər 3-5 il istifadə edəcəyiniz və uğur qazanmağınızda ciddi payı olacaq nəsə əldə etmək ərəfəsində olsanız, bunu tez-tələsik edib, yaxşı olmayan nəticə ilə qane olardınızmı? Bu prizmadan baxanda bunun yanlış olduğu daha aydın hiss olunur.

Yaradıcılıq elə bir prosesdir ki, nə qədər vaxt olsa, o qədər də işi daha mükəmmələ yaxın etmək olar. Əlbəttə bir limit, “deadline” olmalıdır, lakin 1-2 günə brendinq etmək, 5-10 günə vebsayt yığmaq, dünənə poster hazırlamaq, axşam oturub fikirləşib sabaha neyminq etmək sadəcə ən primitiv, hamının ağlına gələcək işlərin çıxması deməkdir. University of London-un araşdırmalarına əsasən eyni anda bir neçə tapşırığı etməyə çalışmaq (multitasking) IQ səviyyəmizi aşağı salır və bunu davamlı etmək beynimizə qalıcı ziyanlar vura bilir. Təcili iş istəyəndə nəzərə almalısınız ki, ya sizin iş hansısa layihələrlə paralel gedəcək, ya da o layihələr yarımçıq qoyulsa da, məsul şəxsin fikri yenə də müəyyən qədər o layihələrdə qalacaq. Bu da sizin işin keyfiyyətinə birbaşa təsir edəcək.

Əgər bu yazını oxuyanlar arasında özü və ya tanışı belə edənlər varsa, xahiş edirəm, etməyin, həm özünüzə, həm də sektora ciddi ziyan vurursunuz.

Oxuduğunuz, ən əsası isə nəzərə aldığınız üçün təşəkkürlər!

BİZİ İZLƏYİN