Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Adı var, adına görə də sloqanı var.
Brandup
Brandup
7 Noy, 2017
6348

Adı var, adına görə də sloqanı var.

Naming və sloqanla bağlı trilogiyanın ikinci bloqu.

Məncə, brendin adı və sloqanın önəmi ilə bağlı bir nümunə ilə başlasaq yaxşı olar. Hamımıza orta məktəbdən tanış olan və çox vaxt səhv saldığımız misalı gətirmək istəyirəm. Brendin adını ədədlər olaraq düşünə bilərsiniz. Hansı ki, onların sayı sonsuzdur. Sloqanı isə o ədədi yaradan rəqəmlər olaraq fikirləşin. Hansı ki, rəqəmlər olmadan ədədlər yarana bilməz. Məhz, brendi digər bütün rəqiblərindən fərqləndirən və ona xüsusi bir məna qatan sloqandır.

Təbii ki, bloqu görən zaman hər birinizin düşüncəsində adı oxuyandan sonra bir neçə məşhur brend və onların sloqanları canlanıb. Onların hekayəsinə keçmədən öncə, kiçik bir spoiler də verim ki, bloqun sonunda sizin üçün bir sualım da olacaq.

 

Adı var...

Ad seçimi edilən zaman bir çox məntiqli və məntiqsiz variantdan istifadə etmək mümkündür. Bu yollarla bağlı əvvəlki yazımızda məlumat vermişdik. İndi isə dünyaca məşhur, hamımızın gündəlik istifadə etdiyi bir neçə brendin ad seçimləri ilə bağlı.

 

Nike – Şirkət ilk zamanlar Blue Ribbon Sport adı ilə fəaliyyətə başlamışdı, bir müddət sonra şirkətin işçisi və bir sprinter olan Jeff Johnson yuxusunda yunan mifologiyasındakı qələbə ilahəsi Nika`nı gördü. Bir neçə gün sonra isə gələcəkdə idman məhsulları bazarının lideri olacaq brendin adı dəyişdi.

 

Samsung – 1938-ci ildə qurulan şirkətin adı tərcümədə “üç ulduz” mənasını verir. Həmin ulduzlar isə “böyük, güclü və sərhədsiz” sözlərini simvolizə edir.

 

Mercedes – 1897-ci ildə Avstriyalı tacir Emil Yelinek, Q. Daymler`in firmasını ziyarət edərək bir avtomobil alır. Bu avtomobil Fransız Rivierasında böyük maraq toplayır, E. Yelinek isə qatıldığı yarışlardan birini qazanır. Sonra isə avtomobilə qızının adını verir və Daymlerdən daha 36 avtomobil sifariş edir. Daymler isə bu uğurdan sonra şirkətin adının Mersedes olmasına qərar verir və dünya avtomobil bazarının nəhəng fiqurlarından biri öz adını ilk müştərisinin qızının adından alır.

 

 

Sloqanı var...

Bloqa ən uğurlu sloqan nümunələrinin bir neçəsinin hekayəsi ilə davam etmək istəyirəm.

Nike deyəndə hər şeydən öncə dünyada milyon, bəlkə də milyardlarla satılan uğurlu məhsula baxmayaraq ağlagələn ilk şey sloqanı – Just do It`dır. Bəs bu qədər uğurlu olan sloqan necə yaranıb?

1980-ci illərdə idman məhsulları bazarında Nike rəqibi Reebok`a uduzurdu. Çıxış yolu axtaran kampaniya 1988-ci ildə “Wieden+Kennedy” reklam agentliyinə müraciət edir. Hazırlanan bir çox reklam planı olsa da bunlardan heç biri şirkətin təsisçilərindən olan Dan Wieden`in ürəyincə deyildi. Bütün reklam variasiyaları bir-birindən fərqlənirdi. Nike`la görüşə bir gün qalmış Dan Wieden`in ağlına elə Nike`n yarandığı Portland şəhərində bir neçə il əvvəl elektrik stulunda oturan zaman Gary Gilmore`n söylədiyi son sözlər gəlir. Gary`nin elektrik stulunda işlətdiyi son sözlər “Let`s do it” idi. Dan bu sözlərin üzərində kiçik dəyişiklik etdikdən sonra dünya reklam tarixinin bəlkə də ən uğurlu sloqanı “Just do it” yaranır. Bir neçə gün sonra isə bu sloqanla bağlı ilk reklam videosu yayımlanır. 

Nike “Just do it” ilə idman məhsulları bazarında liderliyi əldə etdi və artıq 30 ilə yaxındır bu liderliyi hansısa rəqibinə vermədən özündə saxlayır. Sloqan o qədər məşhurluq qazanıb ki, bir çox insanın həyat mottosuna və ya devizinə çevrilib. Bloq da “Elə indi yaz” devizi ilə yazılıb.

 

İndi isə fərqli düşünmək zamanıdır. Bəlkə də çoxunuz bu bloqu öz Iphone telefonundan və MacBook`dan oxuyur. Apple`n hər zaman fərqli düşündüyünü və bu düşüncənin meyvəsi, yaratdığı məhsullardadır fikrini ifadə edən sloqan 1997-ci ildə çəkilmiş reklamla təqdim olunmuşdu. Reklamda öz dövrünə görə fikirləri ilə hamıdan fərqlənən, öz sahələrində yeni cığırlar açan insanlara vurğu edilmişdi.

Bəzən gözünün qarşısında olanı görmək üçün kiçik düşünmək lazımdı. 1960-cı illərdə reklam sahəsinin ən uğurlu işlərindən biri sayılan və Helmut Krone tərəfindən yaradılan “Think small” kampaniyası Volkswagen Beetle üçün düşünülə biləcək ən uğurlu sloqan`dır. 

Volkswagen adını çəkdiyimiz zaman şirkətin əfsanəvi sloqanlarından biri olan “Biz daha yaxşısını hazırlayana kimi ən yaxşısı budur” sloqanını xatırlamaq istəyirəm. Bilirəm, bu sloqan hamınıza müxtəlif yerlərdən tanışdır, kiminiz elə Volkswagen reklamlarından, kiminizə sevimli klubunuzun xoreoqrafiyasından. Klub və xoreoqrafiyadan söhbət düşmüşkən qeyd etmək istəyirəm ki, onlar daha yaxşısını edənə qədər, ən yaxşısı bu!

Hərdən də ad özü hər şeyi çatdırır. Məsələn, Bakıda yerləşən və çox gözəl naming seçilmiş “9 ay” mağazası kimi. Sadəcə mağazanın adı 2 söz, 3 simvolla hər şeyi insana çatdırır. İndi isə sualım. Həmin mağaza nə satışı ilə məşğuldur?

Ardı var...

Müəllif: Elgün Abdurahmanov

BİZİ İZLƏYİN