Digital dünyanın sürətli inkişafı bizi yeni anlayışlar, yeni sahələrlə tanış etməkdədir. UI/UX bu sahənin əsas rol ifaçılarından biridir.
UI (İstifadəçi İnterfeysi) nədir?
İstifadəçi interfeysi kompüter ekranları, web səhifələr, smartfonlar, planşetlər, televizor pultu, paltaryuyan maşın, tozsoran və digər bir çox cihazlarda istifadə olunan düymələr, onlarla qarşılıqlı əlaqəni təmin edən vasitənin dizaynıdır. Bu dizayn UID ( İstifadəçi İnterfeysi Dizayneri) olaraq adlandırılan dizaynerlər tərəfindən aparılır.
İstifadəçi interfeysi layihənin ən önəmli parçalarından biridir. Son dövrlər internet mühitində sərt rəqabətin artması, bir məhsul üçün alternativlərin çoxalması şirkətlərin işlərini çətinləşdirir. İstifadəçi web səhifəyə daxil olan zaman saniyələr ərzində axtardığı məlumatları asan və cəlbedici formada əldə edə bilmədiklərində səhifəni tərk edirlər.
Belə ki, layihə haqqında ilkin təəssüratı UI dizaynerlər yaradır. Seçilən ikonlar, onların yerləşməsi, rəngi və ölçüsü, yazı fontu, onlar arasındakı məsafələr, buttonlar, illustrasiyalar, səhifə quruluşu kimi qrafik həllər istifadəçidə anlıq fikirlər formalaşdırır.
UX (İstifadəçi Təcrübəsi) nədir?
İstifadəçi təcrübəsi təyin olunmuş məqsədə necə göründüyündən çox, hansı sürət və effektivlik ilə çatmağın mümkünlüyünü araşdıran, sınayan vasitədir. Bu iş üçün təkcə dizayn biliklərinə sahib olmaq kifayət deyil. UX dizayneri olmaq üçün Sosiologiya, Psixologiya kimi müxtəlif sahələrdən də bilik tələb olunur. Bunu UX üçün zəruri, UXD (İstifadəçi Təcrübəsi Dizayneri) üçün üstünlük saymaq olar.
İnterfeys dizaynı nə qədər yaxşı olursa olsun, bir mobil tətbiq (web) istifadəçisi üçün praktik və asan naviqasiya xəritəsi çəkilməsə, bu səhifə ziyarətçilərinin itirilməsi deməkdir.
UI/UX arasındakı fərqlər
*UI
Brendin məqsədi və hədəf auditoriyası ilə bağlı məlumatlandırılır. Bu kriteriyalara uyğun layihənin gedişatı boyu qərarlar verir.
Hədəf kütləyə uyğun stilin yaradılmasına fokuslanır.
Yaradılan stilin brendin hədəfləriylə ortaq nöqtələrini taparaq cəlbediciliyi təmin edir.
Qalan vaxtını qrafik dizayn, rəng sxeması, interfeys dizaynı səhifə quruluşu işləri üçün sərf edir.
*UX
İstifadə ediləcək proqram dilinin infrastrukturunun qərarı ilə layihəyə başlayır.
Vizual dizayndan əlavə istifadəçi təcrübəsinə əsaslanaraq boşluqları, problemləri görməyə fokuslanır.
Məzmundan daha çox kontekstlər ilə maraqlanır, istifadəçilərin onları tam başa düşə bilib-bilməyəcəyini araşdırır.
Təqdim ediləcək layihənin bünövrəsinin sağlamlığına, prototiplərin sınaqlardan keçməsinə, istifadəçi senarilərinə, sayt xəritəsinə, sayt yoxlamalarına diqqət yetirir.
UI Dizaynerləri tərəfindən istifadə olunan proqramlar
1. Sketch
2. Gravit Designer
3. Figma
4. Adobe XD:
UX Dizaynerləri tərəfindən istifadə olunan proqramlar
1. Mind Manager: Hüquqi və fərdi şəxslərin məlumatlarının hazırlanma və paylaşım formalarını sadələşdirərək daha sürətli, daha pratik və daha asan işləmələrinə kömək edir.
2. SmartDraw: Asanlıqla veb-qrafika, statistik təsvirlər və müxtəlif diaqramlar yaratmaq üçün istifadə edilən proqramlardan biridir.
3. UserTesting: Mövcud veb-saytları ziyarət edərək sizə verilən müəyyən tapşırıqları yerinə yetirməyə imkan verir.
Müəllif: Elvin Əliyev