Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Kreativlik dünyanı xalis edəcək
Brandup
Brandup
30 İyul, 2018
5208

Kreativlik dünyanı xalis edəcək

Bu bloqu başlıqdakı xalis sözünə diqqət edənlər üçün yazıram :)

Xilas yerinə gilas, relax kimi həmqafiyə sözləri də yaza bilərdim. Gilasın hər nə qədər  mənim söhbətimə aidiyyatı olmasa da, relax olmaq yaradıcılıq üçün 1-ci yazılan qanun hesab olunur ;)

Bloqdakı Relax-lıq da ilk cümlələrdən hiss olunur, yəqin. Bu xalis məsələsini səlis izah etməyimə kömək etmək üçündür.

Kreativliyin nə demək olmasına gəlincə, Azərbaycan dilində belə bir söz yox idi. "Kreativ" sözünə "-lik" leksik şəkilçisi əlavə etməklə xarici sifətdən isim düzəltmişik. Bu bizim yaradıcılığın adına belə yaradıcı yanaşdığımızı, sözün özü gəlmədən özünün sözdən əvvəl bizdə olduğunu  göstərir.

Mənasına gəlincə, çox dərinə getmək istəmirəm. Daha çox öz hiss elədiyim kimi təsvir etmək istəyirəm. Məncə, kreativlik ilk dəfə məntiqimizlə hisslərimizin toqquşduğu an yaranır.

Qazan qapağını avtomobil sükanı kimi tutub, sürməyimiz,

Çəngəl-bıçaqla masada qoşanağara ifa etməyimiz,

Oxlovu qılınc, yuxayayanı qalxan kimi tutub döyüşməyimiz ilk kreativliyimizə misallar hesab oluna bilər.

Daxilimizdəki rasional və emosional düşüncələri eyni anda cərəyana qoşarkən, xaricimizdəki fərqli ünsürlərin yeni formada bağlantısını qururuq (bu cümlə bir az qəliz oldu). Bu cərəyan sayəsində yaranan qığılcım bizə qəribə həyəcan verir. Yeni təsəvvür, yeni bir fikrin yaranması əvəzsiz anlar yaşadır. Bu çox şirin bir hissdir. Təsadüfi deyildir ki, yeni bir şeyin düzəlməsini konfet ilə əlaqələndirirlər,  bizim qeyri-rəsmi mənbələrdə :)

Zənnimcə, kreativliyin özü haqqında bu qədər bəs edər.  İndi keçək gözəlliyin xilas edə bilmədiyi dünyanı kreativliyin xalis etməsinə. 

Bir çox biznes və idarəetmə bestsellerlərinin müəllifi olan Den Pinkin sözlərinə görə, "Kreativlik, dünyaya əvvəl görmədiyi, lakin hər zaman ehtiyac duyduğu bir şeyi bəxş etməkdir".

Söz vaxtına çəkər. Brandup Den Pinkin bu sözlərini 2016-cı ilin iyulunda bir postunda qeyd etmişdi. Yerinə düşdü. Götürdüm. Kreativliyin Xalis-kar olmasına sübut üçün elə bu cümləni əsas götürmək kifayətdir.

Bildiyimiz kimi, dünya əvvəlindən yeni kəşflər sayəsində inkişaf edib. İlk fəlsəfi baxışlardan elmi-ixtiralara qədər hər bir addım dünyanı daha çox tamamlamağa xidmət edib. Alimlər, yazarlar, sənət adamları gecə-gündüz kreativlik lampalarını yandırıb, onun işığında işlər görüblər və bu proses bu gün də davam edir.

Yeniliklərin olması əvvəl dünyanın bu yenilikdən natamam qalması anlamını verir. Bütün kəşflər edilməyincə biz hələ də xalis dünyanın necə olmasını görə bilmərik.

Deyə bilərsiniz ki,  dahilərin kəşflərinin son zamanlar dilimizə düşən kreativlik sözü ilə nə əlaqəsi? Adamlar təhsil alıblar, çalışıblar, IQ səviyyələrini qaldırıblar. İndi marketinq və bu kimi sahələrdə istifadə olunan terminə nə haqqla onları borclu çıxardırıq?

Bir az şişirdilmiş formada olsa da cavabını yazıram:

Araşdırmaçılar uzun zaman intellekt ilə dahiyanəlik arasında qarşılıqlı əlaqəni qurmaq istəyiblər, lakin intellektin kifayət olmadığı aydın olub. "Ən yüksək IQ (228 IQ)" kateqoriyasında Guinness Rekordlar Kitabına düşmüş Merilin Vos Savant yazarlıq fəaliyyətindən başqa dünya elminə və incəsənətinə heç bir töhfə verməyib, halbuki, Amerikanın ən son böyük dahisi hesab olunan Riçard Feynmanda IQ cəmi-cümlətanı 122 punkt olub. Nobel mükafatı almağa və Kvant elektrodinamikasının banilərindən biri olmağa bu rəqəm bəs edirmiş demək.

Dünyamızda içi ölkəmiz qarışıq nə qədər alim var, incəsənət sahəsində işini peşəkar bilən mütəxəssislər var. Nədənsə, dünyadakı bu mütəxəssislər yeni kəşflər baxımından xəsislik edir kimi görünürlər, lakin bir də görürsən ki, bir ayrı adam dünyanı ayağa qaldırdı. Niyə? Necə belə olur? Necə olur ki, məntiqi baxımdan üstün görünən insanlar dünyaya töhvə verə bilmirlər, lakin digərləri gözlənilmədən xariqüladə (babat sözdür ;) ) işləri təhvil verib, tarixə imza atırlar?!

Bu təzadın cavabı kreativlikdir. Ətrafda gördüklərini əlaqələndirib, yeni məfhum yaratmaq qabiliyyətidir. Kreativlik olmadan professorlar da, rəssamlar da, musiqiçilər də sadəcə içində kitablar olan kitabxanalar kimidirlər.

Məsələn, o vaxt:

Arximed vannanı digərləri kimi qəbul etsəydi, indi evrika nədir bilməzdik.

Salvador digər rəssamlar kimi ancaq gözü ilə gördüyünə inansaydı, təxəyyülün gücünü görməzdik, Dali də işinin dəlisi ola bilməzdi.

 XVII əsrdən əvvəl alim yox idi, yoxsa əvvəl almalar yerə düşmürdü ?! İsaakı Nyuton edən onun kreativ yanaşması idi. Yoxsa ki, min illərdir nağıllarımızın sonunda göydən 3 alma düşür. Bizim ilk işimiz isə almaları tez bölüşdürmək olur.

Bu siyahını və kreativliyin önəmini uzatmaq nə qədər maraqlı olsa da, düşünürəm ki, bloqun sonuna gəlmək vaxtıdır. Ümid edirəm, gilas misalı ilə başlayan bloq yaddaşlarda daha çox alma məsələsi ilə qalar.

“Xalis” sözünə və bloqa olan diqqətinizə görə minnətdaram :) 

 

Müəllif: Ağarəcəb Cəfərov

BİZİ İZLƏYİN