Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Bu gün rəqəmsal marketinqdə yaradıcılıqdan danışıram. “Daha kreativ” desək, kreativlikdən. Bu mövzuda bir az səbrsiz olduğumdan elə 2-ci cümləmdə “daha kreativ” ifadəsini işlədərək dərhal söhbəti açmaq istədim. Əslində “daha” sözünü həmişə çox bəyənirdim. Tanıtımı edilən məhsulların üstünlüklərini asanlıqla bu sözlə ifadə etmək olur: Bizim meyvə şirəmiz isə filan xüsusiyyətlərinə görə daha faydalıdır!
Bu söz kopirayteri məcbur edir ki, məhsulunu araşdırsın, faydalarını izləyicilərlə kommunikasiyada istifadə etsin. Kopiraytinqin qızıl qaydalarından biri də budur. Hədəf auditoriyanıza məhsulun tərkibində 0,3 qr dəmirin olması deyil, bu dəmirin onlar üçün nəyə faydalı olması maraqlıdır. “Daha” sözünün faydalarından danışdıq, daha bəsdir. Keçək bayaq dediyim məsələyə.
Haqqında bəhs etdiyim ifadə “kreativ” sözü ilə birgə istifadə olunandan sonra anladım ki, kobud dildə desək, müştərilərlə əməkdaşlıq şərtlərində ciddi müdaxilələrə ehtiyac var. Artıq bizdən “daha kreativ” post istəyirlər. Əvvəllər standart postlardan fərqləndirdiyimiz kreativ işlər SMM paketlərində müəyyən sayda qeyd olunur və ya hansısa xüsusi büdcə ilə həyata keçirilən layihələrdə istifadə edilirdi. Sosial media və reklamların hamının həyatına asanlıqla daxil olması ilə hər gördüyünü istəyən müştərilərin sayı da artmağa başlamışdı. Sahəmizdən məlumatsız olan sahibkarları sanki, satışa çevrilməyən postlar narahat etmirdi. Sözsüz ki, onlara da məhz bu işin peşəkarları, yəni əməkdaşlıq etdiyi reklam agentliyinin nümayəndələri kömək etməli idilər. Böyük say etibarilə bu baş vermədiyindən kreativ post istəkləri səbəbsizcə artmağa başladı. “Daha”lar çoxaldı. “Bir az daha maraqlı olsun”, “Daha kreativ edin”, “Rəis deyir ki, bu postunuz məni təəccübləndirmədi” və s. kimi rəylər gəldi. Nəticəsi olmadıqda isə ya reklam agentliyi ilə münasibətlər pozulur, ya da rəqəmsal marketinq barədə mənfi imic formalaşırdı. Yaradıcılıq baxımından isə söz və fikir dəyərdən düşürdü. Sözlərin az oxunduğu bir dönəmdə bütün enerjini zövqə görə edilən mətn dəyişikliklərinə və şəkil üzərindəki yazılara ayırmaq strategiyası müəyyənləşdirilməyən şirkətlər üçün üzücü bir haldır.
Söhbətin bu yerində ən çox sevdiyim sual əvəzliyi “niyə?” ortaya çıxır. Niyə ayda 73 deyil, 30 paylaşım edirik? Niyə şəkildə mütləq yazı qeyd etməliyik? Niyə mətnlərimiz böyük həcmdə olmalıdır? Ümumiyyətlə, bunları niyə edirik? Aldığımız cavablar bizi növbəti suallara doğru aparır. Auditoriyamız kimlərdir? Onlar nə istəyir? Müştəri davranışlarını bəlli etmişikmi? Brendimiz özünü sosial mediada necə aparmalıdır? Kontent planımızda nələr yer almalıdır? Rəqiblərimiz nə edir? Çoxlu post sayı, yoxsa keyfiyyətli kontent? Sponsorlu reklama belə yerləşdirmədiyimiz “daha kreativ” paylaşım bizə nə qazandıracaq? Ümumiyyətlə, cavablar hər bir brend üçün eynidirmi?
Əlbəttə ki, bu sualları sahibkarlar özlərinə vermirlər, amma biz onlara sualla bərabər cavabı da təqdim etməliyik. Əslində reklam agentliklərinin üzərinə böyük məsuliyyət düşür. Müştəri ilə dost olub əlimizi daşın altına birlikdə qoymağımız lazımdır. İşimiz təkcə post hazırlayıb paylaşmaq deyil. Üstümüzə düşən vəzifələr həm müştərilərimizi rəqəmsal marketinq, alqoritmlərin işləmə prinsipləri və izləyici davranışları barədə maarifləndirmək, həm də xitab etdiyimiz minlərlə, bəzən milyonlarla auditoriyanın zövqünə mənfi təsir etməmək üçün birgə çalışmaqdır. Əməkdaşlıqlarımızı daha üst keyfiyyət və effektivlik səviyyəsinə çıxarmaq üçün durmadan inkişaf etməliyik. Həmişə daha yaxşısı var, amma bu “daha” yuxarıdakı nümunələrdən daha rasionaldır.
Oxuduğunuz üçün təşəkkür edirəm!
Müəllif: Mürsəl Qafarlı