Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Sosial Media izləyiciləri və tipləri
Brandup
Brandup
25 may, 2021
1207

Sosial Media izləyiciləri və tipləri

İnsanlar ortalama olaraq günlərinin 145 dəqiqəsini sosial mediada keçirirlər. Bir vaxtlar sosial media istifadəçiləri yalnız gənclər idisə, indi yaşlılar və uşaqlar bir sözlə, hər kəs sosial media istifadəçisinə çevrilib. Bunun sayəsində brendlər məhsul və reklamlarını daha çox insana çatdıra bilirlər.

Sosial media insanlara rahat seçim etmək, təklif və iradlarını açıq şəkildə bildirmək imkanı yaradır. Bu bloqda sizə izləyicilərin növləri və onlarla necə əlaqə yaratmalı olduğumuzu danışacağam.

İnsanlar temperamentinə görə fərqlənir və hər bir tip özünə qarşı fərqli davranış tələb edir. Biz izləyicilərimizi şəxsən tanımasaq da, onların nə istədiyini və bizdən nələr gözlədiyini bilə bilərik.

Sosial media izləyicilərini aşağıdakı tiplərə ayıra bilərik:

  1. Aktiv izləyicilər
  2. Görünməzlər
  3. Qarşılıqlı Follow gözləyənlər ( follow et, follow gör)
  4. Qeyri aktiv izləyicilər

Aktiv izləyicilər sizi maraqla izləyən, paylaşdığınız bütün postları bəyənib, “story”lərdə fəal iştirak edən izləyicilərdir. Bu izləyicilər sizin hədəf kütlənizi təşkil edir. Onlarla yaxşı münasibəti qoruyub saxlamaq lazımdır.

Görünməzlər – bu izləyicilər sosial media istifadə edən, gündəmdən xəbərdar olan, lakin aktivlik göstərib postları like etməyənlərdir. Onların adını yalnız izləyici siyahısında görmək mümkündür. Bu o demək deyil ki, bu tip izləyicilər bizim üçün az önəm kəsb edir. Onlar bizim real müştərilərimiz ola bilərlər.

Qarşılıqlı Follow gözləyənlər -  onların məqsədi izləyici sayını və hesabının aktivliyini artırmaqdır. Bunun üçün onlar sizin hesabınızı izləyir və postları like edirlər. Bunun qarşılığında isə sizdən eynisini gözləyirlər. Bu izləyicilər bir müddət səhifənizin aktivliyini artırsa da qalıcı deyillər.

Qeyri aktiv izləyicilər sosial mediadan çox az istifadə edən izləyicilərdir. Onlar sizi izləyə bilər və çox nadir hallarda postlarınızı bəyənə bilərlər.

Bu siyahını daha da uzatmaq olar. İnsanlar fərqlidir və biz onları fərqli qruplara ayıra bilərik. Bunu izləyicilərinizə əsasən öz hesabınız üçün edə bilərsiniz smiley

Bəs izləyiciləri yaxından necə tanımaq olar? Bunun üçün yazılan şərhlərə diqqət etmək lazımdır. İzləyicilərin yazdığı şərhlər bir növ onların daxili aləmini, fikir və düşüncələrini bizə açıq edir.

Sosial media şərhlərini aşağıdakı növlərə bölə bilərik:

  1. Müsbət
  2. Neytral
  3. Mənfi

Müsbət rəylər almaq hər zaman xoşdur. Məsələn: “Sizin məhsulları çox bəyənirəm və daimi istifadəçisiyəm” Bu zaman sadə təşəkkür edərək, rəyi bəyənməklə və ya rəyi paylaşmaqla izləyicidə xoş təəssürat yarada bilərik. Bu izləyicidə səhifəmizə olan diqqəti və aktivliyi artıracaqdır.

Neytral rəylər özündə müsbət və ya mənfi fikirlər daşımayan rəylərdir. Bu rəyləri cavablandırmaq sizin əlinizdədir. Məsələn: “X mağazadan bu məhsulu aldım” Bu zaman izləyiciyə təşəkkür edərək, məhsul, kampaniya barədə kiçik məlumatlar vermək olar. Bu izləyicini müsbət rəyə yönəldə və aktivliyi artıra bilər.

Mənfi rəylər müxtəlif məzmunda ola bilər. Məsələn: “ Mağazanızdakı satıcı bizə kobud davrandı” Bu zaman izləyicinin yaşadığı problemi ətraflı araşdırmaq və aradan qaldırmaq üçün tədbirlər görmək lazımdır. İzləyicidən üzr istəyib, köməklik göstərərək onda müsbət rəy formalaşdırmaq mümkündür.

Siz hər kəsi xoşbəxt edə bilməzsiniz, ancaq problemi sınamaq və həll etmək üçün hər şeyi edə bilərsiniz. Bundan əlavə qəsdən yazılmış mənfi rəylər (troll) də var. Məsələn: "Hamburgerlər də, onları yeyənlər də pisdir." İnternetin uğursuz gerçəkliyi trolların mövcud olması və diqqətə can atmasıdır. Buna görə ən yaxşı yanaşma onlara məhəl qoymamaqdır. Əsas qayda "trolları yeməyin"dir. Bu tip şərhlərə cavab vermək onlara yalnız istədikləri diqqəti verir və şərhlərini silmək isə geri dönüş üçün bir stimul olur. Təhqir, etikadan kənar, problemli rəylər olduqda isə ekran görüntüsü alıb, müəyyən tədbirlər görmək lazımdır.

İzləyicilərinizin kampaniya və yarışlarda aktiv iştirak etməsi, bəyənib, rəy yazması sizin uğurunuzdur. Ona görə də çalışmalıyıq ki, izləyicilərlə səmimi və düzgün əlaqə yaradaq. Son olaraq sizə arzum budur ki, comment və “like”larınız bol olsun smiley

 

Müəllif: Səidə Çinani

 

BİZİ İZLƏYİN