Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Red Jolbors səfəri haqqında
Brandup
Brandup
5 Noy, 2019
1574

Red Jolbors səfəri haqqında

28-29 sentyabr tarixində Almatı şəhərində keçirilən Red Jolbors kommunikasiya festivalında komandamızdan Tamerlan İsmayılovAğarəcəb Cəfərov iştirak etdi. Təəssüratlarını sizlərlə aşağıda bölüşürlər.

 

Brandup olaraq iştirak etdiyimiz ilk festival idi, 2016-cı ildən bəri festivallarda iştirak etmək niyyətimiz olsa da, yalnız bu il ilk dəfə 2 layihə ilə müraciət etdik, həm də bu abu-havanı canlı-canlı yaşamaq üçün Almatı şəhərinə üz tutduq. Ümumilikdə festival gözləntilərimizin üzərində oldu, təqribən 250 nəfər iştirakçısı olan tədbir 2 gün davam etdi: 10 çıxış, 1 diskussiya paneli, layihələrin dəyərləndirilməsi, mükafatlandırma mərasimi və sözsüz ki, hər 2 günün sonunda “party”.

Red Jolbors haqqında
Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalı sayılan Red Jolbors adını qırğız dilində pələng anlamını verən “jolbors” sözündən götürüb. 8 il öncə Qırğızıstanın daxili bazarında problemlərin müzakirəsi və işıqlandırılması niyyəti ilə yaradılıb. Əvvəllər yalnız reklamçılar üçün olan festival artıq Mərkəzi Asiyanı əhatə edən bütün kommunikasiya sahəsindəki mütəxəssislərin diqqətini özünə cəlb edir. İndi bu festivalda marketinq, kreativ, kommunikasiya, reklam, media və PR agentliklər, prodakşn və dizayn studiyaları, bloqerlər, influenserlər və bir sıra uzaqdan-yaxından aidiyyatı olan mütəxəssislər iştirak edirlər. Təşkilatçılar ilə ünsiyyət zamanı ölkəmiz ilə maraqlandıqlarını və yaxın gələcəkdə bu festivalın Bakıda da keçirilməsini istədiklərini eşitdik.

Spikerlər
Nadir tədbirlərdən biri idi ki, bütün çıxışlar çox keyfiyyətli, maraqlı və faydalı oldu. Spikerlər həqiqətən də məsuliyyətlə hazırlaşmışdılar. “BBDO Moscow”-un kreativ direktoru Dmitriy Vtulkin Z nəsli ilə necə işləmək, “TNT” telekanalının efirdən kənar tanıtım departamentinin direktoru Serqey Kostrov kanalın inkişafı, “Bilayn” Rusiyanın Strateji marketinq direktoru Yuliya Koneva brendə standart olmayan yanaşmaların ikiqat müsbət təsir göstərməyi, Rusiyanın top agentliklərinin təsisçiləri isə öz keçdikləri yollar və real keyslər barədə danışdı.

Münsiflər
21 Kan Lion mükafatı qazanmış “Duval Guillaume” (Belçika) agentliyinin kreativ direktoru Konrad Lefever münsiflər heyətinin sədri olaraq çıxış edirdi. 100-dən çox digər festivalda qazandığı mükafatlar, işlədiyi dünya markaları və beynəlxalq təcrübəsi münsiflər heyətinin necə peşəkar səviyyədə olmasından xəbər verirdi. Yeri gəlmişkən, bu il həmyerlimiz, Orxan Kərimov da münsiflər heyətinin üzvləri sırasında idi.

Ümumilikdə bu səfər bizə bildirdi ki, festivallarda iştirak etmək komanda, agentlik və müştərilər üçün çox lazımlıdır. İş həyatına motivasiya və dəyər qatan festivalların bir çoxunu biz qeyd edirik, siz Google edib daha ətraflı məlumat ala bilərsiniz:

Cannes Lions (Eurobest, Dubai Lynx, Spikes Asia), Effie, Red Jolbors, KIAF, Ad Black Sea, Red Apple, White Square, Kristal Elma, Red Dot, Golden Drum, Epica, G8 və s.

 

Festivalların nə kimi faydaları var?

  1. Gör-götür dünyasıdır
    Avropa, Rusiya və MDB ölkələrindən gəlmiş peşəkarların çıxışları, praktiki tövsiyələri, apardığı müzakirələr inkişaf üçün çox faydalıdır. Bu festivallarda bir çox xarici kreativ direktorların maraqlı keysləri ilə tanış oluruq. Yeni başlayanlar ümumiyyətlə özlərinə bir vizyon qazana bilər.
     
  2. Bizi birləşdirən dəyər
    Bir çox sahələrdə olduğu kimi burada da tanışlıq keçir. Müxtəlif ölkələrdən olan şirkətlərin, agentliklərin, studiyaların nümayəndələri bir araya gəlibsə, deməli uğurlu əməkdaşlıq, ortaq layihələr, təcrübə paylaşımı üçün əla fürsətdir. Netvörkinq sayəsində bazarı birlikdə inkişaf etdirmək, reklam sektorunda bir çox problemləri həll etmək mümkündür.
     
  3. Saf-çürük
    Festivalda münsiflər heyəti və spikerlər layihələri təhlil edir, müsbət və mənfi cəhətlərini qeyd edir və necə inkişaf etdirməklə bağlı məsləhətlər verirlər. Münsiflərlə fərdi görüşlərin təşkil olunması xüsusilə faydalı məqam oldu.
     
  4. Agentliyin reytinqi
    Festivallarda iştirakın digər bir faydası reytinq cədvəlləridir. Bir ölkədən çıxış edən agentliklər bunu mütəmadi və sistemli şəkildə etsələr ölkə üzrə reytinq formalaşmış olur. Nümunə üçün Rusiyada olan AKAR reytinqinə baxa bilərsiniz - www.akarussia.ru/. Reytinq əsasında agentliklər bazarda öz yerini müəyyənləşdirə, öz fərqlərini və üstünlüklərini qeyd etmək istəyərkən əsaslandıra bilərlər. Agentlik reytinqinin ikinci üstün cəhəti şirkətlərin ən yaxşılar arasında seçim etmək üçün qərar verməyə müsbət təsir göstərməsidir.
     
  5. Sözlərlə ifadə olunmayan emosiyalar
    Qaliblərin sevinci və bu sevincə şərik olan digər rəqib iştirakçıların dəstəyi pozitiv mühit yaratmışdı. Orada olanda bir daha düşündük ki, bizim sahə həftə içi saat 09:00-18:00 işləyib, rutin həyat tərzi sevənlər üçün deyil. Biz idmançıların çempion olanda, musiqiçilərin ulduz sayılanda, aktyorların mükafat alanda keçirdiyi hissləri keçirə bilərik. Bu anları yaşaya bilərik. Bu anları yaşamalıyıq.

Biz bütün yerli agentlikləri festivallara işlər göndərməyə, imkan olduqca iştirak etməyə çağırırıq. Bununla kifayətlənməyib müştərilərimizi də festivallara aparmalıyıq, əgər düşüncə tərzinin dəyişməsini, bazarın inkişafını istəyiriksə festivallar bunun üçün effektiv alətdir.

Ardı olacaq…

BİZİ İZLƏYİN