Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Son müraciət edən kifayət qədər iri, perspektivli şirkətlərdən biri SMM xidməti üzrə təklifimizə cavab olaraq, “sizdən çox çox çoox (bəli, belə də dedi, 3-cü o-nu da uzatdı) ucuz qiymət təklif etdi bir şirkət, onu seçdik” dedi. Elə bilirdim ki, vəziyyət düzəlib(r), ancaq belə görürəm hələ yolumuz uzundur. Ödəmə qabiliyyəti aşağı olan şirkətləri anlayırıq, amma kifayət qədər büdcəsi olan şirkətlərin böyük əksəriyyəti belə ağla-qaranı seçə bilmir. Bu yazıda bir az həqiqətlərlə üzləşməli olacağıq.
Təsəvvür edin ki, bir təmir-tikinti şirkətinə gəlirsiniz və 10 000 manat pulunuz var, deyirsiz evimi təmir etmək istəyirəm. Təmir etdirənlər bilir ki, bu təmir üçün xudmani rəqəmdir. Hələ üstəlik maksimum endirim almağa və ya bu qiymətə əlavə imkanlar salmağa çalışırsız. Birtəhər razılaşırsız, onlar da sizin üçün müəyyən interyer dizayn nümunələri hazırlayır, orda da onları bir xeyli yorduqdan sonra birinci versiyanı (ən yaxşı halda) seçirsiniz, razılıq əldə olunur və başlayırlar. Gecikdirmədən yüksək gözləntilərinizi işə salırsınız, soruşursunuz ki, “bəs sizin tətbiqetmə yoxdur ki, mən tikintinin gedişatını onlayn izləyim??”, şirkət də utana-utana deyir “yox, müəllim”. Gəlirsiz, görürsüz ki, müəyyən yerlərin mərmər olmasını gözləyirdiniz, amma deyil, istifadə olunan işıqların Finlandiya istehsalı olmasını gözləyirdiniz, amma deyil, istifadə olunan boyanın keyfiyyəti qane etmir, işin bitməsinin isə deyilən təhvil tarixinə çatmayacağı dəqiqdir və s.
Niyə adətən belə olur və burda əsl problem nədir?
1. Gözləntilər büdcələrə uyğun deyil - əgər sifarişçi bu istədiklərini öncədən bildirsə, qarşı tərəf də bunları nəzərə alıb büdcə çıxarsa, heç o büdcəyə gücü çatmazdı, lakin buna baxmayaraq bunları israrla istəyir.
2. Hamı yüksək keyfiyyət və xidmət istəyir, lakin bunun ilk növbədə maddiyyat hesabına başa gəldiyini hər kəs təfəkkür etmir.
3. Hər kəs qazanmaq istəyir və hər kəsin ağlında çatmaq istədiyi (bəzən məcburiyyətində olduğu) müəyyən rəqəmlər var, əgər siz onu verməsəniz, bu sizdən başqa formada da olsa, çıxacaq. Məsələn, elə yuxarıdakı misalda olduğu kimi.
Agentlik bazarına gəlsək, müraciət edən hər bir müştəri özünə individual yanaşma, yüksək keyfiyyət istəyir, istəyir ki, onun mətnlərini yazan şəxs Amerikada marketinq təhsili almış olsun, dizayner bildiyimiz bütün mükafatları alsın, layihə meneceri həmişə zənglərə və ismarıclara dərhal cavab versin, onun biznesini çox yaxşı anlasın, içinə girsin, hətta bəzən biznes konsultant olsun, halbuki əslində 1000-1500 manata olan SMM xidmətindən bunu gözləmək mənasızdır (hələ görün mən sizə hansı rəqəmlərdən danışıram, 199 AZN-ə olan SMM xidmətinin gözü yaşlı).
İşin bu tərəfində olmadan görünmür, bilirəm, amma bu işin ciddi xərcləri var. 2016-2017-ci illərdə bazarda agentlik bumu yaşanırdı, kor-koranə hesablamalarla “qaqa, bu işdə pul var” fikri ilə çox insan agentlik qurdu və 3-6 ay belə davam gətirə bilmədi. Özümdə 2016-cı ildən bir "excel" yaratmışdım və agentliklərin siyahısını tutmuşdum. 2019-cu ildə baxdım ki, bazarda olan agentlik sayı yuxarı-aşağı dəyişməsə də, yarısının adları fərqlidir. Yəni, bir hissəsi bağlanıb və yeniləri açılıb. Yeni açılanların da böyük ehtimal heç biri də, ‘niyə onlar bağlandı?” sualına cavab axtarmayıb.
Dediklərim sırf SMM xidmətinə yox, brendinq, vebsayt və s. istənilən xidmətə aiddir. Əgər bazarın böyük əksəriyyəti bəlli rəqəmlərdən çoxunu verə bilmirsə, o zaman xidmətin bu keyfiyyətdə olması ilə barışmalıdır. Təqribən 3 il əvvəl kiçik bir araşdırma etdik və gördük ki, ABŞ və İngiltrədə adlandırma, brendinq və vebsayt hazırlanması üzrə yerli normal agentliklər 100 000 $-dan aşağı qiymət demir. Qonşu Gürcüstanda 1500$-dan aşağı yaxşı SMM xidməti təklif etmirlər, hələ Türkiyədə və Rusiyadakı qiymətləri demirəm. Dünya üzrə baxsaq, agentliklər daim parlaq zəkalarla, böyük kreativ potensialı olan insanlarla dolu olur, lakin bu insanlar da yüksək əməkhaqqı və iş şərtləri gözləyir. Azərbaycandakı agentliklər bunu verə bilirmi? Uzağı bir və ya iki əməkdaşına, o da bəlkə. Əgər bizə xidmət göstərən agentliklərin, klinikaların, hüquq şirkətlərinin, fərqi yoxdur, istənilən sahədə olan şirkətin yüksək keyfiyyətli xidmət göstərməsini istəyiriksə bunun üçün ödəniş etməyə də hazır olmalıyıq, ya da gözləntilərimizi bir qədər aşağı salmalıyıq. Başqa yolu yoxdur, deyə bilərsiniz ki, bəlkə də hardasa, kimdənsə aşağı qiymətə yüksək keyfiyyətli xidmət almısınız, lakin əmin olun ki, ya bu sadəcə bir təsadüf idi, davamlı şəkildə bu xidməti alsanız, eyni keyfiyyətlə rastlaşmayacaqsınız, ya da eyni anda həmin şirkətdən xidmət alan digər şirkətlərin keyfiyyətindən kəsilib sizə diqqət ayırılıb (hər hansı səbəbdən, məsələn, orda yaxşı tanışınız var).
Ümumiyyətlə istədiyiniz o keyfiyyəti verə bilməsi üçün agentliklər gərək eyni anda limitli sayda müştəri və layihə ilə işləsin. Bu ödənişlərlə isə bu mümkün görünmür. Agentlikləri quran insanlar da sahibkardır, onların da müəyyən gözləntiləri var, sizin işin keyfiyyəti üçün özünü limitləməkdənsə, məcbur olaraq keyfiyyətdən kəsir və lazım olandan daha çox layihə götürür.
Bir də bunu qeyd etməsəm haqsızlıq olar, heç də həmişə yüksək qiymət=yüksək keyfiyyət olmur, lakin burada agentlik seçimi üçün digər kriteriyalar işə düşməlidir. Seçim yalnız qiymət faktoruna görə olarsa, sonda bizi sürpriz gözləmə ehtimalı böyükdür (yaxşı və ya pis).
Uzun sözün qısası, ya yorğan ayağımıza görə, ya da ayaq yorğana.
Oxuduğunuz və bu barədə düşündüyünüz üçün təşəkkürlər!