Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
“Pantone” rəng institutunun təyin etdiyi növbəti ilin rəngləri ildən-ilə daha çox müzakirələrə səbəb olur. Bu günlərdə hamımızın gözünə xəbər lentində 2020-ci ilin rəngi seçilən "Classic blue" rəngi dəyib. Bir qədər geriyə baxsaq, görərik ki, vaxtilə "Living coral"(2019), ”Ultra violet”(2018), “Greenery”(2017) və digər rənglərin də seçimi ajiotaj yaratmışdı. Bizə institut tərəfindən “Pantone” rəqəmsal palitrasının kodları, dəqiq adı və təbii ki, hər il üçün təyin olunan rəngin özü təqdim edilib.
Lakin ortaya suallar çıxır: “Pantone” rəng institutu nədir? İnstitut ilin rənglərini necə təyin edir? Əgər institut üzərinə trendi diktə etmək kimi bir məsuliyyət götürürsə, bəs brendləri bu trendi izləməyə nə məcbur edir? Bu, sözün əsl mənasında qaynar müzakirəyə və haqqında ayrıca bloq yazmağa dəyər bir mövzudur.
Bir az “Pantone” haqqında:
Təsisat 50-ci illərdə Nyu-Yorkda yaranıb, kosmetika, dəb, tibb və digər sahələrdə rəng sxemləri ilə məşğul olub. Lakin həmin dövrdə tipoqrafiya bir sıra çətinliklərlə üzləşirdi, belə ki, çap zamanı tez-tez rəng uyğunsuzluğu baş verirdi. O zaman ingilis yazıçı Lourens Gilbert “Pantone Matching System” unikal rəng sistemini yaradaraq problemin həll yolunu tapır. Texniki olaraq desək – sistem çap zamanı fərqlərin yaranmaması üçün bütün rənglərin 10 çalarını əsas götürərək standartlaşdırır. Başqa cür desək, sistem dünyanın istənilən yerində, istənilən printerin rəngi lazım olduğu kimi çap etməsinə imkan verir.
Belə bir sistemin yaradılması marketinq dünyasının “oyun qaydalarını” tamamilə dəyişdi. Şirkət artıq 20 il sonra milyonlarla dollar qazanaraq bu sahədə lider oldu. Hal-hazırda ölkələrin bir çoxu dövlət bayraqları üçün rəng çalarlarını “Pantone” standartlarına əsaslanaraq seçir.
Onu da qeyd etmək lazımdır ki, şirkətin “Pantone Studio” mobil tətbiqi var və tətbiqdə 10 000-dən çox rəng çaları var. Tətbiq geniş rəng palitrası quraşdırmağa imkan verir.
İndi isə institut haqqında:
Pantone Institute of Color - “Pantone” şirkətinin bir hissəsidir. Qurum rənglərin insan həyatının müxtəlif sahələrinə təsirini öyrənir və ona uyğun olaraq trendləri müəyyənləşdirir. İnstitut 2000-ci ildən başlayaraq 20 il ərzində hər ilin əsas rəngini müəyyənləşdirir.
PANTONE 16-1546 Living Coral (2019)
PANTONE 18-3838 Ultra Violet (2018)
PANTONE 15-0343 Greenery (2017)
PANTONE 15-3919 Serenity və PANTONE 13-1520 Rose Quartz (2016)
PANTONE 18-1438 Marsala (2015)
PANTONE 18-3224 Radiant Orchid (2014)
PANTONE 17-5641 Emerald (2013)
PANTONE 17-1463 Tangerine Tango (2012)
PANTONE 18-2120 Honeysuckle (2011)
PANTONE 15-5519 Turquoise (2010)
PANTONE 14-0848 Mimosa (2009)
PANTONE 18-3943 Blue Iris (2008)
PANTONE 19-1557 Chili Pepper (2007)
PANTONE 13-1106 Sand Dollar (2006)
PANTONE 15-5217 Blue Turquoise (2005)
PANTONE 17-1456 Tigerlily (2004)
PANTONE 14-4811 Aqua Sky (2003)
PANTONE 19-1664 True Red (2002)
PANTONE 17-2031 Fuchsia Rose (2001)
PANTONE 15-4020 Cerulean (2000)
“Pantone” rəng institutu özünü rəng sahəsində konsaltinq şirkəti kimi təsdiq edib. Bura məhsulların rəng palitralarının işlənməsi, rəng psixologiyasının istifadəsi, seqment və regiona görə rəng proqnozu və əlbəttə ki, rəng sahəsində istehlakçı seçiminin araşdırılması daxildir.
İlin rəngləri necə seçilir?
Ən maraqlısı odur ki, hər rəng kinoda, sənaye dizaynında, incəsənətdə, dəbdə və digər sahələrdə hansı tezlikdə gözə dəyməsinə görə təyin olunur. Məhz bu rəngin növbəti ilboyu aktual olacağı hesab olunur. İlin əsas rəngi dekabrın əvvəlində elan edilir, ancaq mart-aprel aylarından başlayaraq şirkət əməkdaşları məşhur rejissorların filmləri, dəb defilələri, müasir rəssamların əsərləri, idman mərasimləri, qablaşdırma dizaynları, avtomobil istehsalı və digər sahələri izləməyə başlayır. Lazım olan bütün məlumatları topladıqdan sonra əməkdaşlar aktual çalarlar mövzusunu müzakirə etmək üçün gizli müzakirəyə toplaşır.
Ağlımızda yenə də “Bəs rəngi neçə seçirlər?” sualı qalırsa, cavab çox sadədir: proses geri istiqamətdə baş verir, belə ki, trendlərin özü ilin əsas rənginin seçiminə təsir edir. Daha sonra hər şey standarta uyğun baş verir: rəngin elan olunmasından sonra brendlər bununla razılaşır və internet istifadəçilərinin xəbər lentində “İlin rəngini dizayn, dəb, interyer və digər sahələrdə necə istifadə etməli?” mövzusu ilə bağlı paylaşımlar görünməyə başlayır. (Bu bloq da onlardan biridir :) )
İlin rənglərinin tətbiqi:
Düzgün aparılan marketinq strategiyası “Pantone” institutuna seçdiyi rəngin daha çox populyar olması və tanınmasına kömək edir. Şirkət bir çox brendlərlə uğurlu əməkdaşlıq edir.
Şirkət tərəfindən “Sephora” üçün bir neçə dəfə dekorativ kolleksiya xətti yaradılıb.
“Butter London” üçün dırnaq boyası buraxılıb:
“Pantone” institutu, həmçinin “JSPenney”, “Lowe və Room Copenhagen” ilə ortaq tərəfdaşlıqlar yaradıb.
“Tealeaves” də öz məhsulunu ilin rənginə həsr edən brendlərdən biri oldu və bazara klassik göy rəngdə bitki çayı təqdim etdi.
“Classic Blue” qrafik dizaynda:
Demək olar ki, ilin rəngi birbaşa dizayn sahəsinə aidiyyatı olan amildir. Belə ki, klassik göy 2020-ci ilin rəngi təyin edildikdən sonra bir çox dizayner bu rəngi öz layihələrinə əlavə etdilər, edirlər və ya edəcəklər.
Nümunələrdən belə qərara gəlmək olar ki, “Classic Blue” istifadə üçün çox rahatdır. İnstitutun əməkdaşlarının bildirdiyi kimi, bu çalar sakitlik və komfort hissi ötürür. Burdan belə nəticəyə gəlmək olar ki, qrafik dizaynda göy rəngin düzgün istifadəsi yaxşı həll kimi qiymətləndirilə bilər.
Müəllif: Sabina Bagiyeva