Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Hər zaman bizə deyilib ki, “Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Bu sözün doğru olduğunu yaxınlarda Tbilisiyə gedəndə başa düşdüm. Şəhər və insanları haqqında çox eşitsəm də, gedib fərqli fikirlərlə qayıtdım. Bu yazımda həmin şəhər haqqında danışmayacam, çünki “Instagram story”lərimdə buna kifayət qədər yer ayırmışdım :-D.
Bəs görəsən verdiyimiz reklamları daha çox istifadəçi görsə yaxşıdır, ya bir dəfə kliklənsə?
Klikə görə reklam
Təsəvvür edək ki, siz pizza satışı ilə məşğulsunuz. Reklam verirsiniz və sayta keçidə görə reklam növünü seçirsiniz.
Günorta saatlarında internetdə ora-bura gəzən hədəf kütləniz sizin banneri və ya elanınızı görür. Ürəyi bərk-bərk döyünməyə başlayır, ac olduğunu daha çox hiss edir və reklamınıza klik edib, sayta keçir. Əlbəttə ki, bu artıq satış etdiyiniz mənasına gəlmir, amma ona çox yaxınsınız. Məhz, bu istifadəçiyə görə pul ödəyirsiniz.
Marketoloq və reklamçılar bu göstəricini Cost-Per-Click (CPC) adlandırırlar. Faktiki olaraq siz reklamı yalnız məhsulunuzla və ya xidmətinizlə maraqlanan və bu səbəbdən sayta keçid edən şəxslərə göstərəcəksiniz.
Bəs ikinci model?
Baxışlara görə reklamlar isə media reklamlarına məxsusdur. Daha çox imicin yaradılması və brendinq effektini artırmaq üçün istifadə olunur.
İndi isə təsəvvür edək ki, siz Azərbaycan bazarına növbəti enerji içkini gətirmisiniz. Nəzərə alsaq ki, bazarda tələb böyükdür və bu səbəbdən təklif də çoxdur, deməli brendinizin tanınmağa daha çox ehtiyacı var. Əlbəttə ki, reklamınızı görən istifadəçi dərhal mağazaya gedib məhsulu almayacaq və çox güman heç bannerə klik etməyəcək, amma bu istifadəçi adınızı, məhsulun görünüşünü, rəngini, sloqanını gördü. Bir neçə dəfə görəndən sonra isə mütləq onun yadında qalacaqsınız.
Bu reklamın adı isə Cost-Per-Mile (CPM) - yəni 1000 dəfə göstərilməsinə görə ödəniş. Onu da deyim ki, bu reklamı düzgün tənzimləmədiyiniz halda reklamınız böyük kütləyə deyil, eyni adamlara göstərilə bilər.
Bəzən şirkətlər reklamı düzgün seçmədiklərindən böyük pul və vaxt itkisinə məruz qalırlar. Aşağıda hər reklam növünün müsbətlərindən, mənfilərindən, fərqlərindən danışacağıq.
O göstərdi - sən ödə.
CPM modeli saytda göstərilən hər reklama görə sizdən pul çıxır. Hesab bu cür min dəfə göstərilən reklam üzərindən hesablanır. Burada istifadəçi bannerinizə fikir verib, verməyib, klikləyib və ya klikləməyib kimi amillər nəzərə alınmır. Ondan göstərmək, sizə isə ödəmək qalır.
Pullarınız boşuna getməsin deyə, bannerin dizaynına və reklam alətlərinə böyük önəm verməlisiniz. Çalışın ki, banner yalnız saytların görünən hissələrində yerləşdirilsin, çünki yalnız bu halda həm kompüterdən, həm də smartfonlardan istifadəçilər rahat izləyə bilərlər. Hər şey düzgün ediləndən sonra, sizə lazım olan hədəf kütləsi bannerə klik edəcək və beləliklə siz ucuz trafik əldə edəcəksiniz.
Kampaniyanın effektivliyini ölçmək üçün bu məlumatlar kifayət etməsə də, bir çox halda bu ən yaxşı seçimdir.
Kimə maraqlı ola bilər?
Trafikin artırılması mümkündür, amma mütləq deyil. Buna baxmayaraq brendinizi 100% tanıyacaqlar. Əlbəttə ki, istifadəçilərin şüuruna təsir etmək və alışa sövq etmək üçün zaman və müəyyən büdcəyə ehtiyacınız olacaq, amma bu metodun işləməsindən əmin ola bilərsiniz.
Saytınızı artıq ziyarət edən, lakin heç bir “action” göstərməyən istifadəçilərin diqqətini çəkmək üçün bu reklam növünü seçərək maraqlı kampaniya keçirə bilərsiniz. Hərdən bir xatırlatma böyük nəticə verə bilər.
“Ödənişsiz”, “Hədiyyə” sözləri onsuz da CTR-ı dərhal qaldırır. Bu sözlər bannerin üzərində yazılırlarsa, o zaman diqqətdən kanar qalmağınız yəqin ki, mümkün olmayacaq deyərdim, amma demirəm. Reklamınızı harada və kimlər üçün yerləşdirdiyinizdən çox şey aslıdır. Sizi yormamaq üçün bu mövzuya növbəti yazılarımızda qayıdacağıq.
Keçidlərə görə ödəniş.
Əgər seçiminiz CPC oldusa, siz yalnız reklama klik edən hər kəsə görə ödəniş edəcəksiniz. Bu model böyük trafik əldə etmək istəyənlər üçün əla müjdədir, çünki saytınıza yalnız reklamınıza maraq göstərən şəxslər cəlb olunur. Burada bir daha qeyd etmək istəyirəm ki, bəli, siz yalnız elanınıza klik edən istifadəçilərə görə pul ödəyirsiniz, amma unutmayın ki, böyük trafik , böyük konversiya demək deyil. Müəyyən targetinqlər sizə kömək edə bilər.
Reklamınız yalnız müəyyən ərazidə olan istifadəçilərə göstərilsin. Məsələn, bal satan mağaza bütün Azərbaycan üzrə satışlar edir, lakin yalnız Bakıda aksiya keçirməyə qərar verir. “2L bal sifariş edənə, 1L hədiyyə”. Bu halda düzgün olardı ki, siz coğrafi targetinq seçərək, müəyyən ərazidə yaşayan kütləni cəlb edib, saytınıza giriş etməyini təmin edəsiniz.
Onun köməyi ilə siz reklamınızın göstərmə vaxtlarını tənzimləyə bilərsiniz. Pizza çatdırılmasını 10:00-23:00 vaxt aralığında edirsinizsə, o zaman reklamın gecə yarısından sonra göstərilməsi sizə maraqlı olmaz.
Bu tarqetinq hədəf kütlənizin maraqlarını, davranışlarını nəzərə almağa kömək edir. Onların axtarışlarını, hansı saytları ziyarət etdiklərini və ümumi davranışları nəzərə alaraq onlara maraqlı ola biləcək xidmət və məhsul reklamlarını təklif edir.
Kimə maraqlı ola bilər?
Gördüyünüz kimi hər reklam növünün öz müsbətləri var və onlar fərqli hədəflərə çatmaq üçün idealdırlar. Hansını seçmək lazım olduğunu başa düşmək üçün hədəflərinizi və reklamın əsas məqsədini müəyyən edib reklam verməlisiniz. Bunun üçün bir az zaman, bilik və səbir tələb olunur. Kömək lazım olsa, biz çox yaxındayıq :-).
Müəllif: Aynur Xan