Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Instagram-da ürəyi gedənlər
Brandup
Brandup
23 Noy, 2019
1627

Instagram-da ürəyi gedənlər

Like-lar əldən getdi :) 
Ötən həftə Facebook-da bir neçə dostum öz hesablarında Instagram-ın bəyənmə sayının göstərilməməsi ilə bağlı “göz aydınlığı” verdi. Bəzilərini “nə vaxtdan?”, digərlərini “niyə?” məni isə “biznesə bu necə təsir edəcək?” sualı düşündürdü.  
Son bir neçə ayda internetdə Instagram-ın postların altındakı bəyənmə sayını gizlətməyi planlaşdırdığı barədə xəbərlər yayılır. Yeni xüsusiyyət hələlik sınaqdan keçirilsə də, sosial şəbəkənin yaxın gələcəkdə bu formata keçmə ehtimalı yüksəkdir və bundan sonra paylaşımdakı bəyənmə sayını yalnız müəllifin özü görə biləcək.


Niyə bunu edir?
Bu addım Instagram-ın blogerlərlə mübarizəsidir. Hər kəsə məlumdur ki, son zamanlar brendlərin mikroinflunser və makroinflunserlərə müraciəti artıb. Bu o deməkdir ki, nəhəng büdcələr Instagram reklamlarına deyil, blogerlərə xərclənir. Instagram üçün blogerlər “qara bazar” hesab olunduğuna görə onların təsirini azaltmaq üçün bu metodu yoxlamağa başlayıb. Məqsəd: şirkətləri büdcələrini sosial şəbəkə reklamlarına xərcləməyə təşviq etmək. 


Biznesə necə təsir edəcək? 

Sosial şəbəkələrin ən böyük üstünlüyü onların ölçülə bilinməsidir. Bəyənmə sayının sayta keçidlərə, konversiyaya və satışlara təsir etmədiyini düşünürəm. Bu səbəbdən də kəskin dəyişikliklərin baş verəcəyinə də inanmıram, amma... 
Bir çox hesablarda bəyənmə sayının botlarla artırılması nəticəsində süni aktivlikləri müşahidə edirdik. Əgər Instagram-ın alqoritimində dəyişiklik olmayacaqsa, o zaman bu süni artırılma məqsədini “like”lardan şərh və “yadda saxlama” sayına yönəldərək istifadəçilərin diqqətini qazanacaq və sahibkarları yenidən aldatmağı bacaracaqlar. 

Nə edək? 

Instagram-da uğurlu biznesin sirri onun maraqlı kontentindədir. Bu dəyişiklikdən sonra da səhifələr cəlbedici məzmun yaratmağa davam etməlidir və ya nəhayət ki, bu prosesə başlamalıdır. Kontent növləri haqqında burada danışmayacağıq. Çünki bu bloqumuz artıq var, amma nəyə diqqət etməli olduğumuza baxaq. 
Gözlənilən dəyişikliklər yalnız influnser bazarına deyil, şirkətlərin davranışlarına da ciddi təsir edəcək. İnflunserləri necə seçməli və nəyə diqqət etməli olduğunuz haqqında artıq danışmışıq, amma bundan sonra daha da diqqətli olmağımız mütləqdir. Öncə profillərin əsl aktivliyini, daha sonra effektivliyini ölçməyi bacarmalıyıq. Qeyd edim ki, bəzi influnserlər bu işdə çox da bilikli və ya həvəsli olmadıqlarından bu məsuliyyəti üzərinizə götürməyi və ya bu işi peşəkar platformalara (Keepface) həvalə etməyinizi tövsiyə edirəm.

Vizuallara daha çox diqqət yetirməliyik. 
Instagram əvvəlcə vizual sosial şəbəkə olaraq yaradıldı, burada fotodakı mətn uzunluğuna belə ciddi məhdudiyyətlər qoyulmuşdu. 2018-ci ildə bu limit qaldırılsa da, sosial şəbəkədə şəkillərə, videolara və hekayələrə daha çox maraq var. Nəzərə alsaq ki, Instagram postunun həyatı cəmi 20 saat davam edir, deməli, vizuallar daha cəlbedici və daha maraqlı olmalıdır. Bunun üçün səhifələrinizdə mütləq konseptlərdən istifadə edin.
Eyni zamanda nəzərə alsaq ki, Instagram-da yayımın ictimai həyatı çox qısadır – cəmi 20 saat. Buna görə insanlar vizualdan daha çox məzmuna diqqət ayıraraq (yeni bir xidmətimiz var, yeni bir nöqtə açdıq) telefonla fotoşəkillər çəkir. Nə etmək lazımdır?

 

Saya yox, keyfiyyətə önəm verin
Paylaşdığınız hər bir şəkil unikal, fərqli və peşəkar olmalıdır. O deməkdir ki, smartfonla çəkilən 50 şəkildənsə, peşəkar tərəfindən çəkilən 3 şəkil sizə daha çox faydalı olacaq. 

Instagram hekayələrinə diqqət yetirin. 
Story-lərdən aktiv şəkildə istifadə etməyinizi tövsiyə edirəm. Orada olan imkanlardan istifadə edərək məzmununuzu zənginləşdirə bilərsiniz. 

Hədəfləməyə diqqət ayırın. 

Reklam büdcənizi düzgün və effektiv istifadə etməyi özünüzə bir nömrəli məqsəd qoymalısınız. Bunun üçün siz biznesiniz üçün uyğun olan əsas göstəriciləri seçib nəticələri mütəmadi olaraq yoxlamalısınız. 
Instagram-da effektivliyin ölçülməsi mövzusu sizin üçün maraqlıdırsa, növbəti yazımız ona həsr oluna bilər. 

Instagram bu yeniliyi tətbiq etməsə də, düşünürəm ki, yuxarıda qeyd etdiyim məsləhətlər fəaliyyətinizə yalnız müsbət təsir edəcək.

Müəllif: Aynur Xan

BİZİ İZLƏYİN