Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Google okeanında sağ qalmaq
Brandup
Brandup
18 İyul, 2018
2212

Google okeanında sağ qalmaq

Marketinq agentliyinə Google reklamları ilə bağlı müraciət edəndə hər bir şirkəti alacağı nəticə və müqabilində xərcləyəcəyi büdcə maraqlandırır. Hər zaman  dəqiq rəqəmlərlə işlədiklərinə görə burada da dərhal dəqiq nəticələr eşitmək istəyirlər. Onların ilk zəngdə və ya görüşdə eşitmək istədikləri məlumat “kontekst reklamı üçün siz 1254 AZN, banner reklamı üçün 1034 AZN xərcləməlisiniz.” Təəssüf ki, işi almaq xətrinə bunu da deyən agentliklərimiz mövcuddur, amma biz bu yazıda professional şirkətlər haqqında söhbət açacağıq.
 
Xidmət haqqında məlumat verən əsl reklamçı sizə müxtəlif suallar verməyi və ya görüşməyi təklif edəcək. Deyəcək ki, yalnız tam məlumatı aldıqdan sonra sizə təklif təqdim edə biləcək. Bunu eşidən biznes sahibi bu işçinin peşakar olmamasını və ya büdcəni maksimum şişirtmək üçün bunu etdiyini düşünə bilər. Əlbəttə ki, bu belə deyil. Qiymətqoyma mexanizmini anlamaq üçün siz sifariş gəldikdən sonra hansı prosedurlar baş verdiyini bilməlisiniz. Bunu biləndən sonra başa düşəcəksiniz ki, sizi heç kəs aldatmağa çalışmır və ümumilikdə pullarınız nəyə və necə xərclənəcək. 
 
Xərcləriniz 2 yerə bölünür: 
- Xidmətə görə reklam agentliyinə ödədiyiniz komissiya
- Reklam göstərdiyinə görə Google-a ödədiyiniz məbləğ 
 
Google reklamları, hətta 1$ ilə belə başlaya bilər. Bilməyiniz vacibdir ki, kontekstli reklamın qiyməti auksion prinsipi ilə müəyyən edilir və bu qiymət rəqiblərinizin nə dərəcədə aktiv olmasından asılıdır. Beləliklə, həyatda hər sözün bir dəyəri olduğu kimi Google-da da hər sözün öz qiyməti var. 
Əgər rəqibin ümumi büdcəsi və hər hansı bir açar söz üçün təklif etdiyi büdcə sizin büdcənizdən çoxdursa, o zaman onun reklamı daha üst sıraları tutacaq. Əlbəttə ki, üst sıraları tutmaq üçün digər parametrlər də vacibdir, bunu isə növbəti yazılarımda sizinlə mütləq paylaşacam. 
Demək ki, bir agentliyə müraciət etdiyinizdə o daha sonra həm fəaliyətinizi, həm rəqiblərinizi, həm də almaq istədiyiniz nəticəni analiz edib sizə ən uyğun reklam büdcəsini təklif etməlidir. Ona bu işdə nə qədər kömək edə bilsəniz, sizin üçün də bu proses daha düzgün və effektiv nəticələnəcək. 
Bəs agentliyə nə ödəməliyik? Hər agentlik özünə uyğun ödəmə modelini seçir. 
- Xərclənən büdcənin %-i. 
Əgər büdcəniz çoxdursa, o zaman agentlik sizə bu metodu təklif edəcəkdir. Bizim bazarda bu rəqəm 7-15% arası dəyişir. 
- Sabit məbləğ
Agentlik sizdən müəyyən məbləğ götürür və nə qədər reklama xərclədiyini və nə qədər özünə götürdüyünü göstərmir. Aranızda yalnız əvvəlcədən razılaşdırılmış nəticə olur.
- Nəticəyə görə ödəmə. Bu halda siz hər konversiya və ya satışa görə komissiya ödəyirsiniz. Bunun həm müsbət, həm də mənfi tərəfi var. Müsbət tərəfi odur ki, siz əvvəlcədən əmin olursunuz ki, yalnız istədiyiniz nəticəyə görə pul ödəyirsiniz. Mənfi tərəfi isə odur ki, siz biznes məlumatlarınızı paylaşmalı olursunuz və bu məlumatın rəqiblərə çatmayacağından əmin ola bilməzsiniz. Buna görə işlədiyiniz şəxsi və ya agentliyi seçəndə bunu müqavilədə qeyd etməyi unutmayın. 
Ümid edirəm ki, agentlikdə gedən prosesi izah edə bildim və bundan sonra sizdən ətraflı məlumat istəyən menecerə təmkinli cavab verəcəksiniz. Əmin olun ki, o, sizə ən yaxşı nəticəni qazandırmaq üçün bunu edir. Yeri gəlmişkən bundan sonra sizə dərhal qiymət deyən mütəxəssislərdən qorxmağa başlayın, çox güman ki, səsləndirilən məbləğin heç bir əsası yoxdur və o şəxs ümumiyyətlə nəticə yönümlü düşünmür.
 
Müəllif: Aynur Xan
BİZİ İZLƏYİN