Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Əvvəl / Sonra
Brandup
Brandup
27 Fev, 2018
2100

Əvvəl / Sonra

Loqotip və korporativ üslub hazırlayanda restaylinq həmişə mənə daha maraqlı olub. Bəlkə də bu xüsusiyyət, kiçik yaşlardan yaranıb, oyuncaqlarımı söküb, xarab olan hissəsini təyin edib düzəltməkdən, əşyaların bərpa edilməsindən böyük zövq almışam, çünki əşya orijinal ruhunu itirmədən, təzə və innovativ üslub ilə müasirliyə uyğun bir nəticə əldə edir.

Restaylinq nədir?

Bəzi yeni yaranan şirkətlər maddi cəhətdən çətinlik yaşayanda şirkətin vizual brendinqini yeni başlayan, həvəskar dizaynerə etibar edirlər. Müəyyən bir müddətdən sonra isə şirkət böyüyüb, ciddi uğurlara nail olanda keyfiyyətli dəyişiliklərin vaxtı gəlir. Brendin vizual tərəfi satışa maneə olmamalıdır, əksinə kömək olmalıdır. Bu dəfə brendin vizual tərəfini qənaət etmədən peşəkarlara etibar etmək lazımdır. Uğurlu vizual obraz - şirkətin bazarda marketinq strategiyasının vacib məqamlarından biridir.

Restaylinq rebrendinqin əsas hissələrindən biridir. Rebrendinq - brendin ideoloji səviyyəsində dəyişiklik prosesidir, restaylinq isə vizual tərəfinin dəyişiklik prosesi. Restaylinq şirkətin loqotipini və korporativ üslubunu aktuallaşdırır, yeniləyir və estetik çatışmazlıqlarını düzəldir. Köhnə müştəriləri stimullaşdırmaq, yeniləri isə cəlb etmək üçün bu əla üsuldur.

Rebrendinq niyə və nə zaman lazımdır?

- Brend köhnəlib.
Brendin vizual tərəfi köhnəlib, brend artıq aktual deyil və bu satışlarda da özünü büruzə verir. Bu o deməkdir ki, şirkət rebrendinq etməlidir, necə ki, texnika tələb olunan vəzifələri yerinə yetirməyəndə onu təmirə göndərirlər.

- Daha maraqlı brendi olan rəqib var.
Bazarda olan məqamların da təsiri olur. Yeni və güclü rəqib olanda brendin yenilənməsi mütləqdir.

- Brend yeni məsələlər həll etməlidir.
Rebrendinqin edilməsində sizin biznes üçün daha bir vacib məqam var, məsələn, yeni kommunikasiya və ya hədəf kütləsinin dəyişməsi ola bilər.

- Şirkət fəaliyyət sferasını genişləndirir və ya dəyişir.
Elə olur ki, şirkətin sferası genişlənir. Məsələn, sizin şirkət artıq tək kompüter hissələri yox, kompüter istehsal edir. Bu zaman da rebrendinqə ehtiyac yaranır.

Restaylinq necə olmalıdır?

Hər bir şirkətin dizaynının yenilənməsi individual yanaşma tələb edir, amma bəzi məqamları ümumiləşdirmək mümkündür.

- Brendinqin ən yaxşı xüsusiyyətlərini təcrid edin.
Əgər siz köhnə loqonuzdan tamamilə imtina etmək istəyirsinizsə ola bilsin sizə yenidən düşünmək lazımdır çünki bəlkə də köhnə loqotipdə artıq hansısa element onun əvəzedilməz xüsusiyyətidir. Müştəriləri yeni obraza daha asan öyrəşdirmək üçün siz vaxtilə istifadə etdiyiniz elementləri sınaya bilərsiniz.

- Həm yeni, həm də klassik tendensiyaları nəzərə alın.
Bəzi brendlər böyük və güvənilən təcrübəyə malikdilər, təbii olaraq  qoruyub saxlamaq istəyirlər. Sizin yenilənmiş loqotipiniz bu ənənələri nəzərdə saxlamalıdır, amma tam yeni, köhnə brendinqlə əlaqəsi olmayan, simvolun hazırlanmasında, rəngin dəyişilməsində, onu bir neçə məqamlara görə daha yaxşı etmək üçün mənfi cəhət yoxdur.

- Minimalizmə üstünlük verin.

"Minimalism is not a lack of something. 

It’s simply the perfect amount of something."

 - Nicholas Burroughs

Restaylinqdə ən yaxşı strategiyalardan biri dizaynın orijinalına baxıb sual verməkdir: “Hansı elementdən loqotipi azad etmək olar?” Loqotipi, müştərilər tanıyan və sevən atributlarını qoruyaraq sadələşdirmək və daha aydın etmək lazımdır.

Mənim fikrimcə, zaman keçdikcə vizual brendinq, əksər hallarda minimallaşdırılmalıdır və kompleksləşdirilməlidir. Minimalizm qrafik dizaynda formanın və funksionallığın gözəl birləşməsidir. Bu stilin əsas xüsusiyyəti isə minimalistik dizaynın onun sadə və tez qəbul olunmağında və yadda saxlamağındadır, çünki vizualda hansısa məlumatı vermək üçün ən zəruri obrazlar istifadə olunmalıdır.

Aşağıda həm bizim hazırladığımız, həm də qlobal brendlərin minimalizmə doğru gedən restaylinq işlərini nümunə gətirirəm.

Sonda demək istərdim ki, hər şey həddindən artıq olanda ziyandır: artıq minimalizm, artıq maksimalizm. Hər şeyin həddi olmalıdır. Nəzərə alın ki, hər məsələni ətraflı izah edən elementlər xaos yarada bilər, elementlərin çatışmazlığı isə istədiyiniz mesajı çatdırmaya bilər.

 

Müəllif: Tələt Əliyev

BİZİ İZLƏYİN