Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Əslində vacib olanlar
Tamerlan İsmayılov
Tamerlan İsmayılov
24 Mar, 2020
1708

Əslində vacib olanlar

Bu il Bakıda 2-ci dəfə Azerbaijan Design Award keçirildi. Sevindirici haldır ki, ötən tədbirdən hər cəhətcə daha uğurlu alınmışdı, həm belə bir tədbiri təşkil etdikləri, həm də məni spiker olaraq dəvət etdikləri üçün bir daha təşkilatçılara təşəkkür edirəm.

Çıxışa hazırlaşmağa xeyli zaman ayırmışdım və bu gün bazar üçün həqiqətən vacib olan bir neçə məqama toxunmağa çalışdım. Deyilənə görə, çıxış uğurlu alınıb, istədim onu belə bir bloqla əbədiləşdirim, sadəcə ordakı 700-800 nəfər faydalanmış olmasın.

Beləliklə, getdik.

ŞƏXSİ İNKİŞAF

Həyatımın bir anında anladım ki, gündəlik işlər, sosial şəbəkələr, şəxsi məsələlər və s. bizi şəxsi inkişafımızdan geri salır. Əgər biz buna bir iş kimi baxmasaq, bunu da “to do list”imizə yazmasaq və konkret müddətlər, “deadline”lar təyin etməsək, sonradan çox peşman olacağımız nəticələrə gəlib çıxa bilərik. Komanda da məni bu mövzuda tək qoymadı və biz birlikdə bununla mübarizəyə başladıq. Nələr etdik?

- Şəxsi inkişaf qrupu - Facebook-da bir qrup yaratdıq və bu qrupa bütün komandanı yığdıq. Bizə maraqlı olan hər mövzu üçün bir post yazdıq (məs. rəqəmsal marketinq, layihələrin idarə olunması, menecment və s.) və onun şərh hissəsinə müvafiq mövzuda faydalı bildiyimiz linkləri yığmağa başladıq. Beləliklə, hamımız bir-birimizin oxuduqlarından faydalana bilirik. Bundan əlavə, komandaya yeni qoşulan şəxslər üçün yaxşı baza yaranmış oldu.

- Hesup-kitup rubrikası - Hər 3-cü gün ofisdə komandanın bir üzvü oxuduğu bir kitabı təqribən 45 dəqiqə ərzində təqdimat edir. Ordan komanda üçün faydalı ola biləcək məlumatları lakonik şəkildə paylaşır. Beləliklə, heç kitab oxumayan şəxs belə hər ay 4 kitabdakı lazımlı informasiyanı mənimsəmiş olur.

- KPI-lar - Şəxsi inkişafla bağlı hədəfləri əməkdaşların illik KPI göstəricilərinə əlavə etdik

- Kurslar və təlimlər - Şirkət hesabına kurslar və təlimlərdə iştirak imkanı yaratdıq

- Tədbirlər və festivallar - Şirkət hesabına müvafiq tədbirlər və festivallarda iştirak imkanı yaratdıq.

və s.

Bunlar digər şirkətlər üçün yeni ideyalar verə bilər. Əsas odur nəsə edək, çünki itirilən zamanı geri qaytarmaq mümkün deyil. Biz azərbaycanlılar şərti Cona nisbətə həyata 2-0 geridə başlamışıq, yalnız 2 dəfə daha çox öz üzərimizdə çalışmaqla bu fərqi bağlaya bilərik.

MENTOR

Biznesdə və ya hansısa sahədə uğur qazanmış insanların kitablarını oxumaq, müsahibələrinə və videolarına baxmaq, məqalələrini oxumaq mənim üçün bir rutinə çevrilib. Xüsusilə də verdikləri tövsiyələrdə ortaq nöqtələri tapmağa çalışıram. Bu ortaq nöqtələrdən biri də MENTORluqdur. Bu şəxslər dönə-dönə özümüzə bir mentor tapmağımızı tövsiyə edir. Mentor dedikdə çatmaq istədiyimiz nöqtəyə artıq çatmış şəxslər nəzərdə tutulur. Biz onunla məsləhətləşərək, keçdiyi yol ilə yaxından tanış olaraq, etdiyi səhvləri incələyərək gedəcəyimiz yolu xeyli qısalda bilərik. Müxtəlif istiqamətlər üzrə müxtəlif mentorlarımız ola bilər, vacib deyil ki, bu bir nəfər olsun.

Sual ola bilər ki, bu insanların marağı nədir bizə və bu işə zaman ayırsın? Məhz bu sualın cavabını tapmaqla özünüzə böyük yaxşılıq etmiş ola bilərsiniz. Plan belədir:

Deyir, həyat bütün səhvləri özümüzün etməyimiz üçün çox qısadır. Bu səbəbdən də nə qədər tez Mentorlar tapıb onlarla işləməyə başlasaq, bir o qədər də tez nəticə əldə edə bilərik.

LİDER OLMAQ

Azərbaycanda ən çox gördüyüm səhvlərdən biri, insanların texniki biliklərə fokus olması, idarəçilik bacarıqlarını isə çox zaman diqqətdən kənar qoymasıdır. Dövr sürətlə dəyişir, insanlar dəyişir və onlarla işləmə prinsipləri də dəyişir. Əgər bizim ciddi karyera və ya biznes hədəflərimiz varsa, hansı sahənin mütəxəssisi olmamızdan asılı olmayaraq, idarəçilik bacarıqlarımızı inkişaf etdirməliyik, özümüzü əsl lider kimi yetişdirməliyik. Burda da həm praktika və nəzəriyyəni paralel mənimsəmək lazımdır. Oxuduqca tətbiq etmək və nəticələri gördükcə formalaşmaq. Sırf kreativ komandanın idarə olunması ilə bağlı 2 kitab tövsiyə etmək istərdim:

⁃ Ed Catmull - Creativity Inc
⁃ Todd Henry - Herding Tigers
⁃ bonus olaraq bu sahədəki insanların mütləq baxmalı olduğu serialı qeyd etmək istəyirəm: “Mad Men”. Müştərilərlə iş baxımından çox maraqlı epizodlar var. 

 

ŞƏXSİ BRENDİNQ

İstər biznesmen olun, istər hansısa sahənin peşəkarı - Şəxsi brendinq artıq bir seçim olmaqdan çıxıb, böyük bir üstünlüyə çevrilib. Şəxsi brendinqə qısa bir tərif versək - siz olmayanda sizin haqqınızda danışılanların cəmidir. Aşağıda bu istiqamətdə edə biləcəyiniz bir neçə şeyi qeyd etmək istərdim.

1. Sosial şəbəkələr - sahənizdən asılı olaraq müəyyən edin ki, hansı şəbəkələrdə mütləq aktiv olmalısınız. Profillərinizi doğru istifadə edin, həm peşəkar kontentə yer verin, həm də şəxsi. Hər kəsin sizin hansı işlə məşğul olduğu barədə konkret fikirləri olmalıdır, amma eyni zamanda da siz yalnız bu işdən ibarət olmalı deyilsiniz. Bir də unutmamalıyıq ki, hər sosial şəbəkənin öz qayda-qanunları var, onları öyrənib öz leyhimizə istifadə etməklə alacağımız nəticələri daha da artıra bilərik. Son olaraq, Azərbaycan şriftlərindən istifadə edin.
2. Şəxsi təşəbbüs və layihələr - Bu həm şəxsi bredinq üçün çox faydalıdır, həm də idarəçilik qabiliyyətinin inkişafı üçün. Mümkün qədər çalışıb öz sahənizdə və ya hansısa sosial layihələr həyata keçirmək lazımdır. Belə layihələr edənlər bilir ki, bu period insana çox şey öyrədir. 
3. Şəxsi əlaqələr - Həm onlayn, həm də oflayn olaraq şəxsi əlaqələrin qurulması prosesi dayanmamalıdır. Sahənizdəki tədbirlərdə iştirak edərək, sonra da bu əlaqələri saxlamaq və inkişaf etdirmək üçün əlavə addımlar ataraq öz şəbəkənizi qurmağınız zəruridir.
 
Çıxışım burda yekunlaşdı. Sonra 11 kateqoriya üzrə qaliblər elan olundu və Brandup agentliyinin vebdizayn kateqoriyasında 1-ciliyə layiq görülməsi bizim üçün gecəyə öz damğasını vurmuş oldu. Bütün qalibləri təbrik edirəm və ümid edirəm ki, 
1. Belə mükafatların sayı ölkəmizdə artacaq
2. Yerli mükafatlarda agentliklər daha aktiv iştirak edəcək
3. Yerli agentliklər xarici mükafatlarda və tədbirlərdə də aktiv iştirak edəcək
 
Növbəti bloqlarda görüşənədək!

 

BİZİ İZLƏYİN