Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
İlk baxışdan sevgi bir az mübahisəli məsələ olsa da, təqdimatın auditoriyada maraq yaradıb və ya yaratmayacağı elə ilk dəqiqələrdən (bəzən hətta saniyələrdən) müəyyən olunur. Sırf buna görə də, hazırladığınız təqdimatda mövzu seçimindən tutmuş, font seçiminə kimi hər bir detala diqqət etmək lazımdır.
Gəlin, birlikdə mükəmməl təqdimatı hazırlamağın 9 qızıl qaydasından danışaq;
1. Təqdimatınızın tezisini müəyyənləşdirin.
Hər şeydən öncə, “Bu təqdimat nə haqqındadır?” sualına cavabınızı bir və ya iki qısa cümlə ilə ümumiləşdirməyiniz lazımdır. Əgər təqdimatınızı izah etməkdə çətinlik çəkirsinizsə, deməli sizin mövzunuz olduqca ümumilləşdirilmişdir. Yaxşı yazılmış məqalə kimi, yaxşı hazırlanmış təqdimatın da xüsusi bir məqsədi olmalıdır. Təqdimatınızın sonunda izləyicilərin hansı nəticəyə gəlməsini istədiyinizi düşünün və həmin mövzuya fokuslanın. Mövzunu müəyyən etdikdən sonra artıq təqdimatın məzmunu barədə düşünməyə başlaya bilərsiniz.
2. Təqdimata öncədən hazırlaşın.
Çıxışın sizə aid olan hissəsinin uğurlu olub olmayacağı artıq ona hazırlıq ərəfəsində bəlli olur. Son dəqiqəyə qədər gözləmədən təqdimata öncədən hazırlaşmaq çıxışınızı daha sistemli etməyə kömək edəcək.
- Təqdimatın strukturunu qurun. Mövzunuzu altbaşlıqlara bölmək buna nümunədir. Məsələn, xidmətlərinizi satmaq istəyirsinizsə, təqdimatın quruluşu belə görünə bilər: özünüzü, işlədiyiniz şirkəti, portfolionu təqdim edin və daha sonra mövzudakı problemə, ardınca həll yoluna fokuslanın.
- Təqdimatdan bir gün əvvəl məşq edin. Bu işdə sizə kömək edəcək bir neçə texnika var. Misal üçün, çıxışınıza ikinci göz ilə baxmaq və səhvləri düzəltmək üçün özünüzü videoya çəkə bilərsiniz. Danışacağınız əsas məqamları öyrənib yadda saxlayın. Beləliklə, tam özgüvənli olacaqsınız. Eyni zamanda, izləyicilər tərəfindən verilməsi ehtimal olunan sualların siyahısını əvvəlcədən yazıb hazırlaşmaq işinizi asanlaşdıra bilər.
3. Qarşısında çıxış edəcəyiniz kütlə haqqında məlumat toplayın.
Təqdimatın məzmunu ilə yanaşı, təqdimatın tərzi də auditoriyadan asılıdır. Çıxışınıza fərdi yanaşın və şablonlardan qaçının. Həmçinin, təqdimat mövzusu ilə auditoriyanın mövzu haqqında bilik səviyyəsini nəzərə almalısınız. Onlar bu sahənin mütəxəssisləridir, yoxsa yeni başlayanlar? Bu, təqdimatınızın məzmununu və mürəkkəblik səviyyəsini müəyyən edəcəkdir. Bunu etmədiyiniz təqdirdə çıxışınız zamanı anlaşılmazlıq yarana bilər. Məsələn, sahənin mütəxəssisləri qarşısında mövzu üzərindən səthi çıxış etsəniz, auditoriyada maraq yarada bilməyəcəksiniz. Əgər tam əksinə, yeni başlayanlar qarşısında çıxış edirsinizsə, mövzunuz haqqında detallı danışın, mürəkkəb terminlərdən istifadə etməyin və dərinə getməyin.
4. Təqdimatınızın məqsədini müəyyənləşdirin. Nəyə görə təqdimat edirsiniz? İnvestorları cəlb etmək, yeni müştərilər əldə etmək və ya bilik və təcrübələrinizi bölüşmək üçün? Məqsədinizi müəyyənləşdirmək sizə təqdimatın strukturunu qurmaqda və ona uyğun arqument gətirməkdə yardımçı olacaq.
Sual yarana bilər ki, məqsəd bizim üçün niyə bu qədər vacibdir?
Məqsəd qurduğunuz zaman çıxışınız və arqumentləriniz daha spesifik və konkret olacaq. Bu isə sizi sonda almaq istədiyiniz nəticəyə gətirəcək. Əks təqdirdə, pazlı tamamlamanız çətinləşə və dinləyiciyə lazım olmayan mesajları ötürə bilərsiniz.
5. Təqdimatın vizual tərtibatına diqqət yetirin.
Çıxışınız qədər təqdimatın stilistikası da vacibdir. Bir neçə altbaşlıqla bu mövzuda danışa bilərik.
- Slaydlarda kiçik fontlardan istifadə etməyin. Notbukun ekranındakı yazıları sizin necə görməyinizdən əlavə, auditoriya qarşısında necə görsənəcəyi də önəmlidir.
- Canlı rənglərə üstünlük verin. Diqqət yetirsək, proyektor rəngləri solğun istifadə edir. Fon və mətndə maksimum canlı rənglərdən istifadə etməyə çalışın. Müxtəlif rəng tonlarından qaçınmaq və təqdimatda 3 əsas rəngdən başqa çaların olmaması daha məqsədəuyğundur. Ağ, boz, qara - monoxrom qrupa daxildir və bu siyahıya aid deyillər. Rənglər çox olduğu halda, izləyicilərin diqqəti yayına bilər.
- Köhnəlmiş təqdimat üslublarından istifadə etməyin. Yaxşı olar ki, Power Point-in təqdim etdiyi dizayn və effektlər dəstindən istifadə etmədən slaydınızı bir dəsti-xətt üzərindən hazırlayasınız. Təqdimat dizaynındakı müasir tendensiya sadəliyə meyllidir: ağ fondan daha çox istifadə edin, qradiyentlərdən imtina edin və s. Bu dizaynlar diqqəti təqdimatın mövzusundan yayındırır.
- Keyfiyyətli fotolar / illüstrasiya üçün zaman ayırın. Bunun üçün mükəmməl şəkilləri olan fotobanklar mövcuddur (Məsələn, “unsplash”). Ordan təqdimat mövzusuna uyğun müxtəlif şəkillər seçə bilərsiniz.
6. Təqdimat vaxtını qısa tutun.
Təqdimat hazırlamağa başlamazdan əvvəl çıxışın reqlamentini müəyyənləşdirin. Bu çıxış necə olacaq - bir neçə dəqiqəlik Blitz-çıxışı, 30 dəqiqəlik seminar və ya 2 saatlıq təqdimat?
Bundan əlavə, təqdimatınızı həddindən artıq yükləməyin – o, lakonik və sadə olmalıdır. Slaydlara danışacağınız bütün sözləri deyil, sadəcə ən vacib məqamları qeyd etməyiniz daha yaxşı olar. Ən əsası, ekrandakı bütün mətni oxumayın.
7. Hər kəsdən öncə gəlin.
Onda siz nəinki gecikməyəcəksiniz, həm də oradakı insanlarla tanış ola, mühitə uyğunlaşa və qarşıdakı çıxışa köklənə bilərsiniz. Həmçinin, çıxışdan əvvəl texniki məsələləri tam həll etmək də önəmlidir, əks halda başlama saatı sürüşə bilər.
8. Görünüşünüzə diqqət yetirin.
Natiqin çıxışının ictimaiyyət tərəfindən adekvat qarşılanması üçün onun geyiminin də böyük əhəmiyyəti var. Çıxış edən şəxsin geyiminin funksiyası xoş və sakit bir təəssürat yaratmaqdır, məsələn, parıldayan geyimlər və ya geyimdəki qüsurları ilə auditoriyanın fikrini yayındıra bilər. Qadınlara çiyni açıq, hündürdaban ( təqribən, 10 sm-dan yüksək) ayaqqabı və qısa ətəklə çıxış etməmələri tövsiyə olunur. Kişilər isə iş geyiminə üstünlük verməlidirlər. Ayaqqabılarınızı təmiz saxlayın. Görünüşünüzlə söylədikləriniz arasında balansın olması mütləqdir.
Unutmayın ki, auditoriya sizdəki ən kiçik detallara belə diqqətlə baxır. İlk dəqiqələrdə, nitqinizin məzmunu və forması ilə tamaşaçıları valeh edənə qədər görünüşünüzlə göz oxşamalısınız. Tədbirdə geyim kodeksi yoxdursa, özünüzü rahat hiss etdiyiniz geyimlərə üstünlük verin. Geyimin çıxışınıza mane olmamasına diqqət yetirin (hərəkətlərinizi məhdudlaşdırmamalıdır), çiyinlərinizin və qollarınızın hərəkətini məhdudlaşdıran dar paltar geyinməməkdə fayda var.
9. Nəhayət, auditoriyaya paylayacağınız materialları hazırlayın. Bu, fikirlərinizi tamaşaçılara çatdırmağa və çıxışdan sonra da mövzu ətrafında düşünməyə kömək edəcəkdir. Əlaqə vasitələrinizi (nömrə, e-mail və sosial media hesablarınızı) həmin materiallara daxil edə bilərsiniz.
İşin sirri: kütlə ilə çıxış etməkdən qorxmayın. Bu işdə ən əsası özünə inamdır; hər çıxış sizin təqdimat bacarığınızı daha yaxşı edəcək. Əgər auditoriyada sizə yaxın olan insanlar varsa, mütləq onların fikirlərini soruşun və gələcək təqdimatlarda nəzərə alın.
Ümidvaram ki, faydalı oldu. Oxuduğunuz üçün təşəkkür edirəm.