Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Bir vebsaytın gələcəyi
Elməddin Yusifli
Elməddin Yusifli
13 Noy, 2019
1400

Bir vebsaytın gələcəyi

Elə bir dövrə gəlmişik ki, gələcək ilə bağlı proqnoz vermək həm çox çətin, həm də çox asandır. Çətindir, ona görə ki, hər ötən gün ağla-fikrə gəlməyən yeniliklər icad olunur. Asandır, ona görə ki, ağlımıza gələn bir çox xəyali fikir illər sonra reallığa çevrilir.

Bu yazıda isə vebsaytların gələcəyi ilə bağlı fikirlərimizi paylaşacayıq. Mövzumuza dizayndan başlayıb vebsaytların texniki tərəfləri ilə bağlı təxminlərimizi paylaşmaqla davam edəcəyik. Son 20 ildə veb-dizayn “yoxdan var oldu” desək yanılmarıq. Nə demək istədiyimizi web.archive.org saytında Yahoo-nun 2000-ci ildəki versiyasına baxdıqda anlaya bilərsiniz :) Günümüzdə isə dizaynerlərin yaradıcılığı və proqramçıların texniki bacarıqları sayəsində mükəmməl vebsaytlar hazırlanır və dizayn trendləri çox sürətlə dəyişir. Bura istər mükəmməl animasiyalarla hazırlanmış vebsaytları, istərsə də minimalizm üslubunda hazırlanmış və istifadəçiləri qarışıq dizaynı ilə yormayan vebsaytları aid etmək olar.

Bu yerdə azacıq haşiyəyə çıxaraq çox adam üçün qaranlıq qalan bir məsələ ilə bağlı fikir mübadiləsi etmək istəyirik.

Nə üçün aylıq istifadəçi sayı milyardı keçən Amazon, Wikipedia, E-bay kimi nəhəng vebsaytlar müasir veb-dizayn trendlərinə ayaq uydurmurlar? Bizim bu suala subyektiv cavabımız UX-dir. (istifadəçi davranışları)  

Böyük istifadəçi kütləsi olan vebsaytlarda dizayn və struktur ilə bağlı hər-hansı dəyişikliyə istifadəçilər qərar verirlər. Belə ki AB testləri vasitəsilə istifadəçilərin yeniliklərə (bir neçə versiyada) münasibətləri ölçülür. Sadə dildə desək istifadəçi hansı fontda olan bloqları daha çox oxuyursa, hansı dizaynlı “Səbətə at” düyməsinə daha çox klik edirsə, həmin versiya yekun olaraq qəbul edilir. Yuxarıda qeyd etdiyimiz vebsaytların istifadəçiləri də görünür ki, yeniliklərə (həmin vebsaytlarda) o qədər də açıq deyillər. Yoxsa belə nəhəng şirkətlərin gözoxşayan tərtibat hazırlaya biləcək dizayner və ya həmin dizaynları kodlaya biləcək proqramist tapmama kimi bir problemi yoxdur.

Sizin də bu məsələ ilə bağlı şəxsi fikirlərinizi öyrənməyə məmnun olardıq.  

Mövzumuza qayıtsaq, veb-dizaynda gələcəkdə hansı trendlər olacaq, bunu dizayner dostlarımız daha yaxşı təxmin edə bilər. Bizim təxminimiz isə bu işin texniki tərəfi ilə bağlı olacaq. Netflix-in vebsayt və tətbiqetmələri üçün poster dizaynlarını süni intellektlərin hazırladığı faktını yəqin ki, hər kəs bilir. Bizim təxminimiz isə daha da irəli gedir, belə ki, saytların ümumi dizaynını gələcəkdə süni intellektlər istifadəçiyə özəl hazırlayacaq. Yəni bizim istifadəçi davranışlarımıza əsasən süni intellekt müəyyən edəcək ki, biz hansı fontda, hansı ölçüdə olan yazıları daha rahat oxuyuruq və saytın dizaynını bizə özəl dəyişəcək. Başqa bir misal, istifadəçinin uşaq olduğunu müəyyən etmək süni intellekt üçün elə də çətin deyil, elə isə dizaynı da ona uyğun dəyişmək çətin olmayacaq. Bu qədər də olmaz deməyin, Amerikada bir xanımın hamilə olduğunu özündən daha əvvəl müəyyən edən bir texnologiya bunu da edər, inanın bizə ;)

AR (artırılmış reallıq) və VR (virtual reallıq) texnologiyalarından istifadə edən bir çox mobil tətbiqetmə mövcuddur. Dəqiq bildiyimiz fakt yoxdur, bəlkə də hər hansı bir vebsaytda da bu texnologiya istifadə edilir. Düşünürük ki, yaxın 5-10 ildə vebsaytlarda AR/VR texnologiyalarından istifadə trend halı alacaq, xüsusən də onlayn alış-veriş saytlarında.

Online alışverişlerde yeni dönem.. pic.twitter.com/IttM5fMjFt

— Hayat'a Dair (@puf_noktalar) November 11, 2019

Günümüzdə vebsayt hazırlamaq üçün proqramlaşdırma biliklərinə sahib olmaq şərt deyil. Wix, Wordpress, Tilda və s. kimi sistemlər vardır ki, onların köməkliyi ilə heç bir kod yazmadan vebsayt hazırlamaq mümkündür. Təbii ki, bu sistemlərin hər birinin müsbət və mənfi tərəfləri də var və bu ayrıca başqa bir bloqun mövzusudur.

Gün keçdikcə bu sistemlər də inkişaf edir və öz imkanlarını artırır. Bizim bu sistemlərin gələcəyi ilə də bağlı təxminimiz var. Belə ki, gələcəkdə bu sistemlərdə də süni intellekt istifadə olunacaq. Təsəvvür edin, istifadəçi sahib olmaq istədiyi vebsaytı xüsusi bir formu dolduraraq təsvir edir və “vebsaytımı hazırla” düyməsinə klikləyir, dəqiqələr içərisində süni intellekt həmin formda verilən cavablara uyğun vebsaytı hazırlayır.  

Gələcək ilə bağlı danışmaq, təxminlər irəli sürmək doğurdan da çox maraqlıdır. Sizin də istər vebsaytlar, istərsə də ümumi texnologiyaların gələcəyi ilə bağlı maraqlı təxminləriniz varsa, rəydə görməkdən şad olarıq :) 

BİZİ İZLƏYİN