Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Agentlikdə yerini bil
Brandup
Brandup
16 mar, 2021
1547

Agentlikdə yerini bil

Demək olar ki, hər gün reklam agentlikləri tərəfindən yaradılan vakansiyalara rast gəlmək olar. Uyğun kadrı tapmaq mürəkkəb olduğundan, bəzən bu proses həftələrlə davam edə bilər. Adətən mail-a gələn CV-lərdən cəmi 10%-i ilk mərhələ üçün uyğun gəlir və biz namizədlərlə görüşürük. 5 ilə yaxındır ki, Brandup-da çalışıram və biz yüzlərlə intervyular keçirib, onlarla yeni əməkdaşı #upteam-ə qoşmuşuq.  İlk görüş hər iki tərəf üçün həyacanlı keçir, çünki o, tezliklə yeni işə başlamaq istəyir, biz isə sadəcə işini görən deyil, onu mükkəmməl edə bilən birisini axtarırıq. Agentlik həyatı nə qədər maraqlı görünsə də, o qədər də mürəkkəbdir. Bu cümlə ilə sizi qorxutmaq istəmirəm, amma nəyə hazır olmalı olduğunuz haqqında yazmaq istəyirəm. Bu yazımı özünü reklam agentliyində görmək istəyənlərə həsr edirəm.

Başlayaq əvvəldən!

İlk növbədə agentlikdə tutmaq istədiyiniz vəzifəni  müəyyən etməlisiniz. Əslində burada bir çox pozisiya var, lakin əsaslarını burada qeyd etmək istəyirəm.

Sinə-dəftər (Kopirayter)  Bu şəxsdən hər kəs maraqlı yazılar, ideyalar, fikirlər gözləyir. Bəzən onlara heç vaxt da vermirlər, çünki məsələ çox TƏCİLİDİR və biz sürətli şəkildə müştərinin, istifadəçinin marağına səbəb ola biləcək iş ortaya çıxarmalıyıq. Agentliyin sözü bu şəxslərdən keçir. Bura sloqanlar, ssenarilər, məqalələr, reklam mətnləri və s. daxildir. Kopirayterlərin sözünün “dəyəri” olmalıdır, çünki reklamın uğurlu olub olmaması çox vaxt ondan aslıdır. Onun qələmindən çıxan hər bir söz həm maraqlı, həm biznes üçün uyğun gəlməlidir. Bu işə başlayıb uğur qazanıb daha sonra kreativ direktor, şöbə rəhbəri vəzifələrinə kimi yüksələ bilirlər.

Xüsusiyyətlər: yazdığı dili mükəmməl bilməli, trendləri izləməli, çox oxumalı, yumor hissi güclü olmalı, ünsiyyətçil, dünya görüşü geniş olmalıdır. 

Art-direktor. Agentliyin təqdim etdiyi bütün vizuallardan məsul şəxsdir. Bura şəkillərin keyfiyyəti, şriftlər, mətbəələr, brendinq, qaydalar, bir sözlə gözlə görünən hər bir məqamdan o cavabdehdir. Adətən onlar karyeralarına qrafik dizayner kimi başlayıb, digər dizaynerlərin işlərinə şərh verəcək, onlara nələrisə öyrədə biləcək səviyyəyə qədər inkişaf edirlər. Təbii ki, bu şəxslər bütün dizayn bacarıqlarına mükkəmməl yiyələnənlərdir. Onlar fikirlərini paylaşamaqla yanaşı bu işi ideal səviyyədə həyata keçirə biləcək qabiliyyətdədirlər. Art-direktorlar həm də daim yeni ideyalar verirlər.

Xüsusiyyət: zövqlü və dəlicəsinə perfeksionist.

Kreativ. Reklam konsepsiyalarının işlənib hazırlanması və həyata keçirilməsində məsul şəxslər. Əvvəllər onun vəzifələrini kopirayterlər və Art-direktorlar  icra edirdi, lakin son zamanlar bu şəxslərə daha çox ehtiyyac yaranıb. Uğurlu iş üçün kreativ həm dizayner, həm kopirayter komandası ilə sıx şəkildə işləməlidir. s

Layihə meneceri yaxşı ideya, hələ yaxşı iş demək deyil. İşlərin mükəmməl getməsi üçün Bu şəxslər müştəri və agentlik arasında əlaqə qururlar və hər iki tərəfin xoşbəxt olması məhz onlardan asılıdır. Onun səbri, təmkinli, stressə davamlı və çox punktual olması layihələrin uğurla davam etməsi üçün çox vacibdir. 

Yaxşı agentlikdə iş almaq üçün mütləq portfolionuz olmalıdır. Sizin heç bu sahədə təhsiliniz olmaya da bilər, amma portfolio yoxdursa demək ki, mənfidən başlamaq istəyirsiniz. “Siz də dəhşətsiniz, bu sahədə heç işləməmişəm, necə porfoliom olsun ki?” deyirsinizsə sizə kiçik məsələhətim var J Məsələn, kopirayter olmaq istəyirsiniz. Heç müştəriniz olmayan brendlərə bir neçə ideya fikirləşin. Onları reallaşdırmaq üçün Behance platformasında dizaynerlərə müraciət edin. Əgər ideya kreativdirsə onlar bunu ödənişsiz etməkdə maraqlı olacaqlar. Əgər heç cür razılaşdıra bilmirsinizsə, o zaman bunun üçün maliyə ayıırn və bilin ki, bu gələcəyə yatırtdığınız investisiyadır. Hazırlanan ideya maksimum dərəcədə ideal olmalıdır, çünki sizin fərqlənmək üçün yalnız bir şansınız olacaq.


İntervyu əla kəçdi və Siz birinci gündən işə başlayırsınız. Sizi orada nə gözləyir? Nəyə diqqət etməlisiniz? Müşahidələrimi sizinlə aşağıda paylaşacam. İnanıram ki, onlara riayət etdiyiniz halda tezliklə agentliyin “ürəyinə” çevrilməyi bacaracaqsınız.

- Dərinə gedin! Tapşırıq alan kimi onu sadəcə mexaniki olaraq həll etməyə çalışmayın. Bunu nə üçün etdiyinizi, sonda hansı məqsəd olduğunu öyrənib sonra icraya keçin. Bu halda həm daha az səhv etmiş, həm də daha effektiv iş görmüş olacaqsınız.   

- Planlayın! Çox tapşırıq aldığınız zaman, stressə düşməzdən əvvəl hansı işin prioritet olduğunu öyrənib plan qurun.

- İnisiativli olun! Tapşırığı yerinə yertirərkən  əlavə ideyalar, fikirlər, şərhələr verməkdən çəkinməyin. Səhv etməkdən qorxmayın, bu yanaşma sizin fəal və həvəsli olduğunuzu göstərəcək.

 - Qeyd edin! Deyilən, göstərilən, göndərilən hər-şeyi qeyd etməyə çalışın. İş zamanı çoxlu yeni terminlər eşidəcəksiniz. Onları öncə axtarış sistemlərində araşdırmağınız lazımdır, anlaya bilmədiyiniz halda isə iş yoldaşlarınızdan kömək istəyin.

- Çevik olun! Agentlik hər zaman yüksək ritmdə işləyir və bu o dəməkdir ki, bu tempə düşmədiyiniz təqdirdə əməkdaşlarla problemləriniz yaranacaq.

- Danışın! Əgər sizi iclasa dəvət ediblərsə mütləq mövzu daxilində fikirlərinizi paylaşın. Əlbəttə ki, burada iclasın vacibliyindən asılı olaraq bu hal dəyişə də bilər. 

- Nahar edin! Yeni gələnlərin adaptasiya dövrü var. Fikir vermişəm ki, hər-kəslə bir yerdə nahara çıxan əməkdaşlar bunu daha sürətli şəkildə keçirlər. Çünki həmin vaxt hamı bir yerdə istirahət edir.

- Axtarın! Əlbəttə ki, dünyada və Azərbaycanda olan trendləri, xəbərləri, yenilikləri izləməlisiniz və daima inkişafda olmalısınız. Eyni zamanda yeni maraqlı tanışlıqları da axtarmağınız inkişafınıza müsbət təsir edəcək.

- Kollektivlə dostlaşın. Bunula da siz onlarla ideyalarınızı paylaşa, onlardan nələrisə öyrənə və yeniliklər üçün hər zaman yaxşı əhval-ruhiyədə ola biləcəksiniz.

-Hazır olun! Maraqlı ideya tapdığınıza görə gecəni yatmayıb və səhər ideyanın qəbul edilməməsinə, gördüyünüz işə insanların mənfi və kobud reaksiyalarına, müştərinin gecə saat 11-də sizdən nələrisə hazırlamağınızı və ya dəfələrcə nələrisə dəyişməyinizi istəməsinə psixoloji hazır olmalısınız və bunları şəxsi qəbul etməməyiniz çox vacibdir. Əks halda yeniliklər etməyə daima çəkinəcəksiniz.

Dediyim kimi, reklam agentliyində iş fərqlidir, amma burada siz potensialınızı tam kəşf edə və nə istədiyinizi daha sürətli şəkildə anlaya bilərsiniz. Eyni zamanda fərqli brendləri, hədəf kütlələrini və ideyaları düşünmək nə qədər çətin olsa da, onların həyata keçib uğur qazanmasının verdiyi həzz buna dəyər. 

Əgər bu yazıdan sonra, özünüzü agentlikdə görmək istəyirsinizsə CV-nizi brandup-ın vakansiya bankına əlavə edin. Bunun üçün www.talant.brandup.az  saytına daxil olub lazimi məlumatları qeyd edin və bizdən xəbər gözləyin, çünki vakansiya yarandığı halda ilk olaraq o siyahıya nəzər yetiririk.

Müəllif: Aynur Xan

BİZİ İZLƏYİN