Thank you!

We will get back to you within 24 hours.

Blog

Ad qoyma prosesi incəsənətdir yoxsa strategiya?
11 Avq, 2017
5991

Ad qoyma prosesi incəsənətdir yoxsa strategiya?

Şirkətə, məhsula və ya xidmətə ad verilməsi elə də asan deyil. Prosesə “körpəyə” ad verilməsi kimi yanaşsaq, bu həm də çox məsuliyyətli mövzudur. “Naming” sadəcə ad fikirləşmək deyil, mövcud ola biləcək adlandırmalar arasından məhsulunuzu ən dəqiq təsvir edəcək, ahəngli və yaddaqalan birinin seçim prosesidir.

Verdiyiniz ad məhsula güc verə və ya onun haqda istəmədiyiniz suallar doğura bilər. Hər gün bizim üçün yeni olan brend adları ilə rastlaşırıq. Onlardan bəziləri maraqlı, dilə yatan, bəziləri çox mürəkkəb anlaşılan və oxunan, bəziləri isə sadəcə gülməlidir. Bu isə əlbəttə, brendin taleyində öz əksini tapır. Məsul şəxslərin adlandırmaya səhv yanaşması nəticəsində kifayət qədər keyfiyyətli məhsul uğursuz ola bilər.

Məsələn, Danone şirkətinin yoqurt məhsulu müxtəlif ölkələrin bazarlarında “Danino”,”Danonino”, Danoninho” adları ilə tanınsa da, Rusiya bazarına məhz ”Растишка”  adı ilə girməyə məcbur oldu, çünki digər adlarla insanlar bu məhsulu almırdı.

Bu o deməkdir ki, adlandırma yalnız kreativlikdən ibarət deyil, burada digər amillər, xüsusilə də istehlakçını tanıma böyük rol oynayır. Düzgün ad qoyma prosesi bir neçə mərhələdən keçir:

I Mərhələ - Adını “tanıma mərhələsi” qoysaq yanılmarıq. Əvvəl adı veriləcək brend ilə tanış olmalıyıq. Sonra həmin bazarda onun rəqiblərini tanımalı və hədəf kütləni təyin etməliyik. Onun istehlakçısı kimdir? Onun hansı vərdişləri var? Hansı yaş kateqoriyasına aiddir? Özünü hansı sosial statusa aid edir? və s.  Bu mərhələdə biz bütün analizlərdən sonra brendin açar sözlərini çıxarmalıyıq. Onlar brendin fərqliliyi və istehlakçı brendi istifadə edən zaman aldığı emosiyalara aid olmalıdır.

II mərhələ – “Yaradıcı Mərhələ”. Müxtəlif variantlardan generasiyanın nəticəsində fərqli adların təklif olunmasına deyirik. Həmin adlar brendin əsas konseptinə maksimal uyğun, strategiyanı anlada bilən və istehlakçı üçün aydın olmalıdır. Adətən mütəxəssislər aşağıda qeyd olunan variantlardan istifadə edirlər:

  • Birbaşa məhsulu və ya xidməti ifadə edən adlar - adın özündə əsas prinsip qeyd edilir. Bu cür adlar dar ixtisaslaşmış şirkətlər üçün yararlıdır - Asia Air, Coffee house, Hediyye.al
  • Kombinasiya olunmuş adlar - bir neçə sözün kökündən ibarət olur – Nescafe (Nestle və cafe),  Adidas (Adolf Dassler), Brandup
  • Abstrakt adlar - heç bir məna daşımır, sadəcə fərqli səslənməyə malikdir – Coca-Cola, Chupa-Chups
  • Söz oyunu ‑ sözlərin birləşməsi nəticəsində bir neçə məna alınır. Hər bir məna brendin konseptini izah etməlidir – IcyHot, Brain Food
  • Abreviatura - müəyyən sözlərin başlanğıc hissələrindən, yaxud həmin sözlərin ilk hərflərindən düzəldilmiş adlar – BMW, ABBYY
  • Şəxs adları – kiməsə həsr olunmuş və nüfuzlu şəxsin imicindən istifadə olunmuş adlar- Mercedes, Tesla

Növbəti mərhələyə keçə bilmək üçün minimum 20 ad təklifi olmalıdır.

III Mərhələ- “Seçim mərhələsi”.  Beyin fırtınası nəticəsində əlimizdə olan adları müzakirə edirik və ən uyğun olanı seçib təqdim edirik. Seçim bir neçə kriteriyaya əsasən aparılır, amma ən vacib məqam əlbəttə şirkətin/məhsulun/xidmətin müştərisinin fikirləridir. Bəzən qərar verici şəxlər bu faktoru unudur və öz istəklərinə uyğun qərar verməyə çalışır. Məhz müştəri bu adı özünə yaxın hiss etməli, ad onda müxtəlif müsbət emosiyalar və assosasiyalar yaratmalıdır. Bu səbəbdən bəzən fokus qruplar da təşkil olunur. 

IV Mərhələ -  “Hüquq mərhələsi”. Bu mərhələdə seçilən adı qeydiyyatdan keçiririk. İstəyə uyğun olaraq (həmçinin təhlükəsizlik baxımından) seçilmiş adın yeniliyi patent idarəsinə təqdim edilə və müvafiq sənəd alına bilər. 

Beləliklə, ad qoyma prosesi nə qədər maraqlı və cəzibədar görsənirsə, bir o qədər də mürəkkəb və məsuliyyətlidir. Bunun üçün əlimizdə hədsiz imkanların olduğunu nəzərə alın. Əsas məqsədiniz istehlakçının yaddaşında yer tutmaqdır. Bunu isə yalnız düzgün, hərtərəfli analizdən sonra etmək mümkündür. Unutmaq olmaz ki, brend ilə əlaqə ən çox bu ad vasitəsi ilə qurulacaq.