Thank you!

We will get back to you within 24 hours.

Blog

Xoşbaxlıx, xoşbaxlıx, xoşbaxlıx
28 Sen, 2017
6653

Xoşbaxlıx, xoşbaxlıx, xoşbaxlıx

Hələ bineyi-qədimdən ağsaqqalların sözləri müdrik və hörmətli olub, bu səbəbdən də hamı onları sayıb, sevib.

İnternetdə də ağsaqqal sözü var, amma bir az başqa formada. Burada söhbət kontent ağsaqqallarından gedir. Kontentini keyfiyyətli yazan, onunla hədəf kütləsinə çata bilən, maraq cəlb edən insanlar da elə kontent ağsaqqallarıdır. Ətrafdakılar isə hər zaman onların yazı tərzindən ilhamlanmağa, onlardan daim nələr isə öyrənməyə davam edir.

İndi isə keçək əsas məsələyə. Kontent, Kontent Marketinq nədir və nə ilə “yeyilir”?

Kontent – məhsul/xidmət haqqında yazılan istənilən növ məlumatdır.

Kontentin format və növləri olur. 

Növünə görə isə kontent aşağıdakı kimi olur:

  1. Cəlbedici kontent. Oxucularınızla aranızda ünsiyyət, brendinizə qarşı loyallıq və maraq yaradır. Bura sorğular, ünsiyyətə gətirib çıxaran xəbərlər, müzakirələr və konkurslar aiddir.
  2. Öyrədici kontent. Adından göründüyü kimi bura sahənizi əhatə edən faydalı yeniliklər, maraqlı faktlar, xidmət/məhsullarınızdan istifadə qaydaları və s. daxildir.
  3. İstifadəçi kontenti. Bura müştərilərinizin rəyləri, intervüləri, əməkdaşlarınız haqqında paylaşımlar aiddir.
  4. Reklam kontenti. Ümumi kontentinizdə ən az yer tutan, lakin böyük məsuliyyət daşıyan kontent növüdür. Bura sizin məhsullar, onların üstünlükləri, reklam çarxları daxildir.
     

Kontentlə tanış olduq, sıra gəldi onu düzgün strategiya ilə təqdim etməkdə bizə yardımçı olan kontent marketinqə.

Kontent marketinq – hədəf kütlənizi cəlb edəcək kontentin yaradılması strategiyasıdır. Burada əsas məqsəd istehlakçının diqqətini cəlb etmək və onda sizə lazım olan hissləri oyatmaqdır. Bir sözlə, kontent marketinq – hədəf kütlənizin düzgün zamanda və yerdə sizin haqqınızda məlumat almasıdır.

Düşünürsünüz ki, məhsullarınız/xidmətləriniz keyfiyyətlidir, qiymətləri də əlverişlidir, bazarda isə ən yaxşılardansınız, bəs potensial müştərinizin bundan xəbəri varmı? Müştərilərin internetdə axtardığı dolğun və düzgün məlumatdır. Kontent marketinqin əsaslarından biri də düzgün təqdim olunmuş məlumatı lazımlı kanallardan müştəriyə çatdırmaqdır.

Bir məsələni də qeyd etməsək olmaz, kontent marketinq müştəriyə “Nooolar bunu al daa” deməklə qurulmur. Siz müştəriyə seçim verməlisiniz. Nə seçimi? Özünüz üçün kiçik icmal hazırlayın. Vərəq götürün və rəqiblərinizdən birinin məhsulunu və öz məhsulunuzu qeyd edin. Özünüzə “Niyə biz daha yaxşıyıq?” sualını verib onlardan üstün cəhətlərinizi yazın. Sonda isə müştəriyə sizin xeyrinizə işləyəcək seçim şansı verin. Bunun üçün isə düzgün qurulmuş keyfiyyətli kontentdən mütləq şəkildə istifadə etməlisiniz. Bu və buna bənzər metodları nə qədər çox etsəniz, müsbət nəticəni də bir o qədər tez görəcəksiniz.

Yuxarıdakı metoda əsasən bir misal deyək. Təsəvvür edin ki, sizin süd məhsulları istehsal edən şirkətiniz var və sosial mediada (Facebook və ya Instagram) hər gün eyni tipli: “Ən dadlı yağ bizim yağ.” , “Yalnız bizim yağdan istifadə edin, razı qalın” mətnli paylaşım edirsiniz. 1 dəfə, 2 dəfə, 3-cü dəfədə artıq siz potensial müştərini bezdirib qaçırdacaqsınız. Bəs nə edək ki, onu cəlb edək və əldən buraxmayaq? Tutaq ki, sizin yağın tərkibində bol kalsium var, süd fermentlərinə görə isə ətri möhtəşəmdir. Siz mətndə məhz bu xüsusiyyətləri vurğulayıb, izləyicilərinizin hisslərini oyada bilərsiniz. Məsələn, “Ətirli kərə yağımızla səhər yeməklərində hazırlanan qayğanağın dadı hər kəsi valeh edəcək.” və ya “Tərkibində bol kalsium və təbii süd fermentləri olan kərə yağımızla uşaqlarınız hər zaman sağlam qalacaq.” Bu qədər. Bir-neçə düzgün (və doğru olan!) seçilmiş sözlə siz müştərini ələ keçirə bilərsiniz. ;)

 

İndi isə gəlin sizə kontent sayəsində böyük nəticə əldə etmiş bir-neçə xarici şirkətdən danışaq.

Rusiyada fəaliyyət göstərən “Связной” (svyaznoy.ru) internet mağazasını çoxumuz bilirik. Vətənində isə onu tanımayan yoxdur. Niyə? Çünki saytda və digər kanallarda kontent marketinq strategiyası düzgün qurulub. “Связной” sadə onlayn mağaza yolundan istifadə edə bilərdi, lakin bunun əvəzinə rəhbərlik saytı, qadcetləri əhatə edən nəhəng məlumat portalına çevirib. Hal-hazırda vebsayt trafik üzrə liderlərdəndir. Müştərilər bura yalnız nələrisə almaq üçün yox, onlara maraqlı və faydalı olacaq məlumat oxumaq üçün də gəlir. Bu isə artıq brendi güvənilir və sahəsində professional edir.

   

2-ci misalımız isə Hootsuit servisindən olacaq. Hootsuite-də istifadəçilər bir tətbiqdən bütün sosial media hesablarını idarə edə bilirlər. Elə də əyləncəli və hər kəs üçün cəlbedici məhsul deyil, düzdür? Şirkətin marketinq komandası isə çox maraqlı və həmin dönəm üçün aktual video kontent hazırlamaq qərarına gəldi. “Game of Thrones” serialını əsas götürərək komanda aşağıdakı videonu hazırladı. Serialı izləyənlər onu mövzusuna görə sevib, izləməyənlər isə sadəcə möhtəşəm ideyasına görə yaymağa və eyni zamanda şirkətlə maraqlanmağa başladı.

Növbəti uğurlu kontent strategiyası aparan şirkət “Shopify”-dır. Shopify – insanlara məhsullarını satmağa yardımçı olan elektron kommersiya platformasıdır. Şirkətin saytında sahənin ekspertlərinin bloq yazılarından əlavə aşağıdakı faydalı və maraqlı kontent mövcuddur:

  • Onlayn mağazananın yaradılıb və idarə edilməsi üçün tam bələdçi.
  • Məhsulların yaradılması və biznes risklərin azaldılması üçün video və podkastlar.
  • Uğur hekayələrinin və keyslərin müzakirələri.

Beləliklə, istifadəçilər sayta sadəcə alış-veriş üçün daxil olmurlar. Bu materialların sayəsində şirkət və potensial müştəri arasında güvən bağı yaranır. Müştərilərdən əlavə shopify-da biznesini quran insanlar da kontentdən yararlanıb işlərini inkişaf etdirirlər. 

  

Bugünkü gündə böyük və kiçik şirkətlər, biznesmenlər, bir sözlə hər kəs kontent marketinqdən istifadə edir. Əsas səbəb isə bunun həqiqətən də nəticə göstərməsidir. 

Kontent və kontent-marketinqlə tanış olduqdan sonra keçək onun yaradılış hissəsinə.

Bəxt üzüyü filminə baxmayan olmaz. Filmin əsas qəhrəmanı elə axıra kimi ilham axtarışında xoşbaxlıx, xoşbaxlıx deyə-deyə gəzir. Ilham isə gəlmir ki, gəlmir. Kontent üçün ideya axtarışında bu vəziyyətə düşməməniz üçün 2-ci hissədə kreativlik, ideyanın tapılması və ideya mənbələri haqqında danışacağıq.

İdeyanın gəlməsi üçün nə etmək olar?

Kitab oxumaq, fərqli filmlər izləmək və digər sadə metodları çoxunuz bilirsiniz, gəlin bu gün biz sizə sınaqdan keçirdiyimiz daha fərqli metodlar haqqında danışaq ;)

  1. Komfort zonanı tərk edin

Adətən etmədiyiniz işlərlə məşğul olmaq sizi necə deyərlər “refresh” edir və şübhəsiz ki, özünü yeni ideyalarda əks etdirir. Məsələn, ən sevdiyiniz kafeyə deyil, onun yanında olan daha səs-küylü məkana baş çəkin, pop konsertə deyil, rok musiqi janrında olanlara gedin. Hətta kitabı belə fərqli yerlərdə oxuya bilərsiniz. Bunu həftədə 1 dəfə belə etsəniz irəliləyişi özünüz görəcəksiniz. Bu ətrafınızdakı sadə şeylərdə əslində nə qədər fərqli ideya yatdığını kəşf etməyə kömək edəcək.

  1. İdeya deadline-larını tətbiq edin

Tomas Edison yaşadığı illərdə 1093 (!) ixtirasını patenləşdirib. Təsəvvür edirsiniz ? 1093 ixtira bundan 2-3 dəfə çox möhtəşəm ideya deməkdir. Edisonun şəxsi iş prinsipi var idi. Hər 10 gündən bir o kiçik ixtiralar edirdi, hər 6 aydan bir isə daha böyük və möhtəşəm ixtiralar yaradırdı. Siz də bu metoddan ilhamlanaraq şəxsi ideya və hətta ixtiralarınıza imza ata bilərsiniz. ;)

  1. Sözlər və obrazlarla oynayın

Yeni ideya kəşf etmək istəyirsinizsə, sadəcə olaraq sözləri dəyişə bilərsiniz. Necə?

Kiçik misal ilə izah edəcəyik. OV`Action şirkətinin meneceri unikal qida məhsulu icad etməyi qarşısına məqsəd qoyur, lakin artıq bütün məhsullarının bazarda olduğunu nəzərə alaraq o başqa yol seçdi. unikal məhsul icad etməkdənsə o hamının bildiyi məhsulu dəyişib fərqli ideya ərsəyə gətirməyi seçdi. Nəticədə isə 4 bucaq formalı bişmiş yumurta yarandı. Yumurtalar 1 aya kimi saxlama müddətinə malikdilər və hətta onları mikrodalğalı sobada qızdırmaq belə olar.

  1. Tapmaca və məntiqi misallar həll edin.

Fərqli məntiqi misallar və tapmacalar bizə fərqli formada düşünməyə yardımçı olur.

Gəlin elə indi başlayaq. Aşağıdakı misalı heç bir kibrit tərpətmədən və yerini dəyişmədən həll etməyə çalışın. Cavabı tapanlara isə kontent marketinq haqqında 3 elektron kitabı hədiyyəmiz olsun. ;) 

Yox əgər bu sizin üçün 2x2 kimi asandırsa, aşağıdakı şahmat oyununu 2 gedişdə mat etməyə cəhd edin! ;) 

Qeyd: Mat edən qara daşlardır