Thank you!

We will get back to you within 24 hours.

Blog

Vizual brendinqin əhəmiyyəti
Tamerlan İsmayılov
Tamerlan İsmayılov
11 Sen, 2017
2838

Vizual brendinqin əhəmiyyəti

Qarşıda olan 2 məqalədə sizlərlə brendinq, xüsusilə də vizual brendinq haqqında fikirlərimizi və təcrübəmizi paylaşmaq istərdim. Mövzuya bir qədər giriş vermək üçün, əvvəlcə brendinqin nə olduğuna baxaq.

Brendinq – şirkətin fərqlənmə nişanıdır və nişan deyərkən mücərrəd bir məfhum nəzərdə tuturuq. Şirkətlər çalışırlar ki, müxtəlif addımlarla, vizuallıqla, alətlərlə bir-birilərindən fərqlənsinlər və müştərinin yaddaşında daha dərin iz qoya bilsinlər. Bunu istəməkləri də təsadüfi deyil, çünki əminliklə deyə bilərik ki, bununla uğuru 99%  sığortalamaq olar.

Bizim yazımızın mövzusu isə bredinqin vizual tərəfidir. Gəlin əvvəlcə baxaq ki, bu söz birləşməsinə nələr daxildir:

  • Şirkətin adı, sloqanı;
  • Loqosu, korporativ üslubu;
  • Sosial medianı idarəetmə tərzi;
  • Vebsaytı;
  • Vizit kartınız, habelə işçilərinin forması və s.

Bir sözlə, şirkəti vizual olaraq təmsil edən, sizdə şirkətə qarşı ilkin təəssürat formalaşdıra biləcək bütün amilləri bu anlayışa daxil etmək olar. Deyir, insanı görünüşünə görə qarşılayıb, ağlına görə yola salarlar və bunu elə brendlərə də aid etmək olar. Günümüzdə insanların vaxtı az, seçimləri isə həddindən artıq çoxdur, ildən-ilə insanların gündəlik gördüyü reklamların sayı dəfələrlə artır, bu səbəbdən alış-veriş prosesində ilkin təəssüratın önəmi çox artıb (adətən məhsulun qiymətindən asılı olaraq qərar vermə prosesinin müddəti dəyişir). Bu çox geniş mövzudur və çalışacam bizə ayrılan hissədə lakonik şəkildə əsas məqamlara toxunaq. Beləliklə, vizual brendinqə nə üçün önəm verməliyik?

  • Sizin fəaliyyətiniz çox yaxşı gəlir gətirə bilər, amma bu gün gəlir gətirməsi sabah da gətirəcəyi anlamını vermir, çünki gəlir gətirməyinin səbəbləri müxtəlif (hələ ki, sizin xeyrinizə olan) ola bilər. Güclü brendiniz olmazsa, gəlirinizin stabilliyi həmişə risk altındadır;
  • Vizual brendinq şirkətinizi daha yaxşı təqdim etmək və müştərilərinizdə dərin iz qoymaq üçün əla imkandır, niyə də bunu dəyərləndirməyəsiniz ?
  • Dövr vizuallıq dövrüdür, indi şəkillər, videolar və s. vizual məzmunlar bütün kommunikasiya vasitələrində hegemonluq edir. Buna qeyri-ciddi yanaşmaq və rəqiblərinizə göz görə-görə uduzmaq həddən artıq təhlükəlidir və s.

Təqdimatlar nə üçün önəmlidir? Elə necə gəldi təqdimat hazırlayıb çıxıb danışaq, deyilmi? Deyil, çünki təqdimatın vəziyyəti ona nə qədər zaman ayırdığımızın (ayıra bildiyimizin) göstəricisidir və bu göstərici də bizim işə yanaşmamızın təzahürüdür. Şirkətin qurulma etapları hamı üçün eynidir, bunu necə təşkil etmək, hansı mərhələyə nə qədər zaman və büdcə ayırmaq isə sizin əlinizdədir. Artıq bir ideyaya ciddi yatırımların edilməsi belə ən az 50% təqdimatdan (vizuallıqdan) asılı vəziyyətə gəlib. Şirkətlər də əslində bunları başa düşür və bu səbəbdən gördükləri istənilən dizaynerə “qardaş, orada bizim loqonu bir az böyüt, görünmür!” deyirlər, adam hələ işə başlamayıbsa belə J. Düşünürlər ki, müştərilərin diqqətini bu vasitə ilə çəkmək və onların yadında qalmaq olar, müştərilərin loqonu görməyini zəmanət altına almaq istəyirlər. Gəlin, Martin Lindstromun “Buyology” kitabında təsvir olunan, dünyanın ən böyük neyromarketinq araşdırmasının nəticələrinə baxaq. Bizə lazım olan bir hissəsini öz tərcüməmdə paylaşıram sizlərlə: “Bizlər informasiyanı həm şüurlu, həm də şüuraltı olaraq qəbul edirik. Siqaretlə bağlı aparılan araşdırma göstərir ki, insanlar siqaretin ziyanlı olduğunu bildiyi üçün, siqaret reklamı posterini insan beyni bloklaya bilir (reklam olduğunu bildiyi üçün), lakin orada yalnız siqaret çəkən insanlar olsa və loqo, sloqan və s. olmazsa, bu həmin şəxsdə daha çox siqaret çəkmə istəyi yarada bilər”. Bəs sizdə sual yarana bilər ki, loqo olmazsa, necə öz məhsulumu reklam edim ? “1997-ci ildən Silk Cut şirkəti öz reklamlarında bənövşəyi ipək fondan istifadə etməyə başlayır və loqosunu bu fonun üzərində yerləşdirir. Bir müddət sonra ABŞ-da yaranan siqaret reklamı qadağası bu posterlərdən loqo və s. kimi şirkətə məxsus elementləri çıxarmağa məcbur edir, lakin MRT analizlərin nəticəsi göstərir ki, 98% hallarda bənövşəyi ipək görülən bütün yerlərdə insanlar Silk Cut brendini özləri bura bağlayırlar, səbəbini izah edə bilməsələr də.”

Yəni ki, indi artıq müştərilərin yaddaşında qalmağın daha sivil yolları mövcuddur J.

İstər şirkət qurulması və ya hansısa layihənin keçirilməsi olsun, ideya mərhələsindən sonra ilk addım adlandırmadır (naming). Ad və sloqan çox önəmlidir, bu lakonik hissəciklərlə biz özümüzü ifadə edir, ilk təəssüratları formalaşdırırıq. Bu səbəbdən sizin hədəf kütləniz, mövqelənməniz, qiymət kateqoriyanız bu prosesdə mütləq nəzərə alınmalıdır. Praktiki bir misal, Fəvvarələr Meydanında yerləşən “Takıştır” butiki barədə gətirmək olar. Mağazanın adından və yazılış tərzindən dərhal o qənaətə gəlmək olar ki, burada gündəlik bijuteriya məhsulları satılır və qiymət kateqoriyası aşağıdır. Bu butikdə heç vaxt olmamışam, amma belə deyilsə, məndə yaratdıqları təəssürata görə özləri günahkardır J.

Son zamanlar Rəqəmsal marketinq və xüsusilə SMM-in (sosial media marketinqi) əhəmiyyətinin artmasının vizual brendinqə təsiri.

Son zamanlar rəqəmsal marketinqdə vizual brendinqin önəminin birə-beş artmasının şahidi oluruq. İstər şirkətin vebsaytının görünüşü, istərsə də instaqramdakı paylaşımları olsun, hər bir detal ciddi əhəmiyyət kəsb edir. Unutmamalıyıq ki, detalların gücü onların çox olmasındadır, necə deyərlər, “dama-dama satış olar” J. Bildiyiniz kimi, brendlərin arxetipləri mövcuddur (axtar: brand archetypes) və brendlərin bu xarakterik özəlliklərini göstərmək üçün əvvəllər yalnız reklam imkanları var idisə, indi artıq SMM var – müştərilərlə kommunikasiya qurmağın, loyal müştərilər yaratmağın  və uzunmüddətli satışlar etməyin yeni üsulu. Mən deyərdim ki, şirkətin “toxunma nöqtələri” (Toxunma nöqtələri nəzəriyyəsi ilə daha yaxından tanış olmaq üçün kitab tövsiyəsi: Игорь Манн – Точки контакта, 2014. Bu mövzuda yazılmış çox praktiki və lakonik kitabdır) arasında indi ən vacib yerlərdən birini məhz SMM tutur.

Loqo bərbaddırsa, bu şirkətin sonu deməkdirmi? Deyil, amma bu bir şansdır ki, bunu istifadə edəsiniz, niyə də effektiv olmasın? Bir çox sektorlarda bu, hətta rəqabət üstünlüyü belə ola bilir. Dünya təcrübəsinə baxsaq, şirkətlər imkan axtarır ki, əlavə daha bir dəfə öz şirkətini yaxşı tərəfdən göstərsin, tərif üçün səbəb versin, biz isə hələ də müzakirə edirik ki, bu boş şeydir, ya yox və əgər şirkət tutsa, sonradan dəyişmək olar. Düzdür, bəzən görürük ki, bu məsələlərə görə şirkətin açılması gecikir və bir də görə bilərsiniz ki, etmək istədiyinizi kimsə etdi, bu səbəbdən şirkətin qurulmasında bu tip məsələlərə həm maddi, həm də zaman baxımından planlı yanaşılmalıdır. Məsələn, Brandup agentliyini quranda müəyyən səbəblərdən start vermək üçün zamanımız az idi, loqo və korporativ üslub üzərində çox dayana bilmədik, məcbur qalıb əlimizdə olan normal bir versiyanı təsdiqlədik və yaranan ilk fürsətdə rebrendinq edib hərtərəfli səliqəyə saldıq. Əlbəttə, yaxşı olardı buna ehtiyac qalmasın, çünki bilmək olmaz o brendinqimizi, vebsaytımızı bəyənməyib bizə iş verməkdən çəkinən nə qədər müştəri itirmişik ? J Marketinq bir sistemdir, bunu nəzərə almayan, strategiya və plan qurmayan, yalnız satışa yönəlik şirkətlər ölümə məhkumdur. Razıyam ki, bizim müştərilərimiz də Amerika və Avropada olan müştərilərdən deyil və orada nə gördük gəlib burada tətbiq etməli deyilik, ancaq bir məsələ faktdır ki, müştərilərimiz şirkətlərimizdən daha sürətli inkişaf edir, onların tələbləri artır, gözləntiləri artır, şirkətlərimiz isə bununla ayaqlaşa bilmir.