Thank you!

We will get back to you within 24 hours.

Blog

Mükəngəl
21 may, 2021
2465

Mükəngəl

Bir neçə həftə əvvəl iş yoldaşım oxuduğu kitabdan bu sözləri səsləndirdi: “Perfeksionizm – iflicdir”. Bu məsələ məni düşünməyə və bu bloqu yazmağa vadar etdi.

Vaxtilə həyatımda özümdən böyük perfeksionist tanımırdım və tanıyacağımı da düşünmürdüm. Kiçik yaşlarda qələmləri ciddi şəkildə rəng spektri ardıcıllığı ilə toplamalı idim, böyüyəndə iPod-a yüklədiyim bütün mp3 faylların musiqi “cover”-indən tutmuş, bəstəkarları haqqında məlumatı əlavə etmədən oxuducuya sinxronizasiya etmirdim və mən hələ qrafik dizayn fəaliyyətimə başlayanda aydentika işində ikonun tətbiqindən heç nə demirəm J Ümumilikdə düşünürdüm ki, hər xırda məqamı ideal hala çatdırmaq böyük çalışqanlıq və məsuliyyətin əlamətidir, amma deyilmiş. Hər məqamı ideal hala çatdırdıqdan sonra emosional xoş hiss və istifadəçilərinizin güvənini əldə etməyinizə baxmayaraq, perfeksionizm, xarakterin bir xüsusiyyəti kimi gördüyünüz işdə sizə maneə ola bilər. Perfeksionizm piksellərin dəqiq yerləşdirilməsi ilə bağlı deyil, perfeksionizm idealdan başqa heç bir nəticə qəbul etməməkdir.

Müəyyən bir layihəni bir gün ərzində bitirməyinizə ehtiyac olan zaman, kiçik, narahat edən bir məqam işi tamamlamağa icazə vermir. Həddindən artıq xırdaçılıq layihənin vaxtında təhvil verilməsinə maneə törədir və çox güman ki, hər şey mükəmməl olana qədər tamamilə təhvil verilməyinə imkan verməyəcək.

Bu yaxınlarda rastlaşdığım bir məqalədə, dizaynda perfeksionizm tsikl şəklində təqdim edilmişdir.

  1. İlk mərhələdə aldığınız nəticə sizi qane etmir və siz təcili olaraq daha çox işləməyə ehtiyac olduğunu düşünürsünüz.
  2. Bu məqsədi diqqətə alaraq saatlarla proporsiyaları, məsafələri, pikselləri hesablayaraq bu prosesin sizi tükətməyinə icazə verirsiniz. Məhsuldarlıq düşür, zaman qısalır və günahkarlıq hissi yaranır. Çox vaxt sərf etdiyinizi düşünürsünüz, amma maketin yaxşı olub-olmadığı hələ də tam aydın deyil.
  3. Bu hisslərdən qurtulmaq ehtiyacı yaranır və siz yenidən maket üzərində işləyərək onu daha da yaxşılaşdırmağa qərar verirsiniz.

Bir məqamı bilmək lazımdır ki, perfeksionist özündən vəziyyətin həqiqi tələblərindən daha yüksək tələblər gözləyir və bu tək dizayna aid deyil, istənilən digər sahələrdə də bu özünü göstərir. Mükəmməl nəticəni əvvəlcədən özünə təsəvvür etməyəndə perfeksionistə güvən hissi ilə yaşamaq və işə başlamaq çətin olur. Bəzən bu qədər çox cəhdə ehtiyac olmur və sizin daxili enerjiniz boş-boşuna istifadə olunur. Nəticədə siz məyus olursunuz və tükənirsiniz, çünki çətin və uzunmüddətli işin mənası olmayanda bu insanı əlbəttə ki, demotivasiya edir.

Perfeksionizmin peşəkarlıqla heç bir əlaqəsi yoxdur. Perfeksionizm dizaynerə problemi həll etməyə kömək etmir, əksinə diqqətini qeyri-adekvat əziyyətə yönəldir. Zəkalı insanların çaşqınlığına, tükənməyə və yaradıcılıq cəhətdən donub qalmasına gətirib çıxarır. Bu insanın inkişafına maneə törədir, çünki marağına, iş sevgisinə və səmərəliliyinə mənfi təsir edir.

Perfeksionistlər işin yalnız iki nəticəsini qəbul edirlər - ya qüsursuz, əlçatmaz ideal, ya da tamamilə uğursuz. Ortada olan variantlar qəbuledilməz olur bu tip insanlar üçün.

Bəzi hallarda düşünürəm ki, ideyanın ideal olmağına ehtiyac olmur, əgər o ideya işləyirsə, əlbəttə ki, eybəcər olmağından da söhbət getmir, çünki eybəcər və işləyən ideya, gözəl və işləməyən ideya qədər qeyri-etikdir. Əlbəttə, bu demək deyil ki, işi ideal hala çatdırmaq lazım deyil, sadəcə məsələni obyektiv dəyərləndirmək lazımdır, işi ideala kimi çatdırmağa ehtiyac olub-olmadığını bilmək üçün.