Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Təşəkkür edirik!
24 saat ərzində sizə geri dönüş ediləcək.
Dostlar, bu dəfəki bloqumuzda şəxsi keyfiyyətlər və bacarıqlardan danışacağıq. Hansılar ki, proqramlaşdırma sahəsində uğurlu olmağınıza kömək edir.
Bloqun adından da göründüyü kimi biliklər mövzusuna toxunmayacağam, ancaq xarici dil biliyi haqqında qısa yazmadan əsas mövzuya keçmək istəmirəm.
Ən azından dünyada geniş istifadə olunan 1 xarici dili bilməyiniz sizin üçün böyük üstünlükdür, xüsusən də bu ingilis və ya rus dili olarsa. Onu da qeyd edim ki, həmin xarici dili “native” şəkildə bilməyə ehtiyac da yoxdur, sadəcə araşdırma aparmağa və oxuduğunuzu tərcümə proqramlarının köməyi ilə belə olsa, anlamağa kifayət edəcək qədər bilsəniz, bəsdir. Populyar xarici dillərdən birini bilməyiniz sizi ancaq həmin dil ilə də limitləmir. Başqa geniş istifadə olunan dillərdən də məqalə və forumları bildiyiniz dilə tərcümə edərək faydalana bilərsiniz. Şəxsən mən dəfələrlə çin, ispan və rus dillərində olan forumlardan ingilis dilinə tərcümə edərək lazım olan məlumatları əldə etmişəm. Bəzi brauzerlərin səhifə tərcümə imkanı bu işdə çox köməyimə gəlib.
İndi isə keçək əsas mövzumuza. Aşağıda proqramçı olmağınıza müsbət təsir edəcək şəxsi keyfiyyətlər və bacarıqları sıralamışam. Qeyd edim ki, bu siyahı karyeram boyu fərqinə vardığım bəzi məqamlara və şəxsi düşüncələrimə əsasən hazırlanıb.
1. Səbirli olmaq
Bu mənə görə ən önəmli şəxsi keyfiyyətdir. Xüsusən də proqramlaşdırmağı öyrənməyə başladığınız müddətdə çox xırda səhvlərə görə saatlarla bəzən günlərlə problemi həll edə bilmirsiniz. Bu zaman sizdən tələb olunan səbirli şəkildə öyrənmə prosesini davam etdirməkdir. Ətrafımda bir çox şəxs proqramlaşdırmanı öyrənməyə başlayıb, lakin yuxarıda qeyd etdiyim məsələlərə səbri çatmadığından yarıda istiqamətlərini dəyişib başqa peşələrə yönəliblər.
2. Problemləri həll etmək bacarığı
Yuxarıda da qeyd etdiyim kimi bu sahədə qarşınıza hər gün 10-larla irili-xırdalı problemlər çıxır və siz ən qısa müddətdə onları həll edib yeniləri ilə qarşılaşmalısınız. Bəli, bizim sahəmizdə problemlər heç vaxt bitmir, hətta ümumi yanaşdıqda proqramçılar elə bizneslərin, təşkilatların problemlərinə həllər tapmaq üçün gecə-gündüz işləyirlər.
Problemləri həll etmək bacarığı dedikdə nəzərdə tutduğum problemə doğru yanaşma, onun düzgün və qısa müddətdə analizinin, həll yolunun tapılmasıdır. Bəzən elə problemlər olur ki, səbəb açıq şəkildə görünmür, onu tapmaq üçün prosesləri hissələrə ayırıb, testlər edərək mənbəni tapmaq lazım gəlir. Daha sonra həmin problemin doğru həllini tapmaq olar.
3. Araşdırma qabiliyyəti
İstər problemlərin həllini, istər yenilikləri öyrənmək üçün araşdırma qabiliyyətiniz mütləq ki, yüksək olmalıdır. İnternet üzərindən paylaşılan məlumatların çoxluğu və günü-gündən artması düzgün axtarış aparmaq, lazım olan məlumatı ən qısa zamanda tapmaq bacarıqlarına sahib olan insanların istənilən sahədə önə çıxmasına kömək olur.
4. “Self learning”
Son dövrlərdə fikir verdiyim qədəriylə ənənəvi təhsilin istiqaməti də buna yönəlib. Belə ki, müəllim artıq öyrədən yox, istiqamət verən bir şəxsə çevrilib. Düşünürəm ki, bu çox doğrudur və şagirdlərdə bu bacarığın erkən yaşlardan aşılanması gələcəkdə onlara çox kömək olacaq, xüsusən də proqramlaşdırma sahəsində.
Self learning elə bir bacarıqdır ki, buna sahib olsanız, limitləriniz olmayacaq, nəyisə öyrənmək üçün kiməsə ehtiyacınız qalmayacaq. Xüsusən də bu internet əsrində proqramlaşdırma dillərindən tutmuş fortepiano dərslərinə qədər geniş bir şkalada öyrənmək üçün mənbələr tapa bilərsiniz.
5. Yaxşı ünsiyyət qabiliyyəti
Bu elə bir qabiliyyətdir ki, istənilən sahədə uğur qazanmaq üçün buna ehtiyacınız var. Proqramlaşdırmada da komandadaxili münasibətlərdə, bəzi məqamlarda müştəri ilə əlaqələrdə yaxşı ünsiyyət qabiliyyəti işinizə müsbət mənada təsir edir. Müştəridən və ya layihə menecerindən gələn tapşırığı aydınlaşdırmadan işə başlayıb sonda nəticənin gözlənilənlə eyni olmadığını görmək ən çox rast gəlinən problemlərdən biridir. Nəzərə almaq lazımdır ki, müştəri çox vaxt nə istədiyini bilsə belə, onu düzgün ifadə etməkdə (proqramçı üçün) çətinlik çəkə bilir. Bu mənə görə normal haldır. Belə məqamlarda proqramçı müştəri ilə düzgün ünsiyyəti qurub istəyini müəyyənləşdirməlidir.
Belə, dostlar, əslində bu mövzuda saatlarla danışmaq, uzun-uzun bloqlar hazırlamaq olar, ancaq hələlik bu qədərini yaza bildim Bu siyahıda olan 5 bacarıq mənim ilk ağlıma gələnlərdir. Əgər sizin də bu siyahıya əlavələriniz varsa, rəydə paylaşmağınızı tövsiyə edirəm ki, digər dostlarımız da faydalansın.
Oxuduğunuz üçün təşəkkürlər!