Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Incəfluencer
Brandup
Brandup
13 Noy, 2017
2473

Incəfluencer

Bəziləri onun adının düzgün yazılışını Google-da axtarır, digərləri isə artıq onun üzərində biznes qurub pul qazanır. Bu gün sizinlə çoxlarımızı son zamanlar ən çox düşündürən “Influencer marketing” barəsində danışacağıq. Biznesə nə dərəcədə kömək edir? Ümumiyyətlə kömək edirmi? Kimi və necə seçməliyik?

Demək olar ki, son  bir ildə facebook və ən əsası instagramdan aktiv istifadə edən şəxslərin sayı durmadan artır. Buna baxmayaraq bu kanalı ümumiyyətlə görməzdən gələn və ya tamamilə səhv anlayıb nəinki xeyir, hətta ziyan görən şirkətlərin sayı da az deyil.

O şəxsi və ya şəxsləri seçərkən hansı parametlərə fikir verməlisiniz? Şirkətiniz haqqında danışacaq şəxsi tapmaq üçün ilk öncə hədəf kütlənizin harada daha çox vaxt keçirdiyini və sizin kontenti harada görməyə hazır olduğunu müəyyən etməlisiniz. Şirkətinizin müştəri portreti artıq mövcuddursa asanlıqla növbəti mərhələyə, yəni o şəxsi seçməyə başlaya bilərsiniz.

Reklam edən şəxsləri mən 2 kateqoriyaya bölürəm:

Birinci kateqoriya - məşhurlar. Bu şəxslər ilk növbədə fikir liderləri hesab olunurlar. Bu müəyyən auditoriya tərəfindən tanınmış, artıq güvən qazanmış şəxslərdilər. Onlar həvəskar foto/video paylaşaraq, sərbəst danışıq tərzini seçərək istifadəçilərini daha tez inandıra bilirlər. Hədəf kütlənizə və eyni zamanda şirkətinizə uyğun şəxs seçildikdə effektini dərhal almağa başlayacaqsınız.

Burada çox incə bir məqam var. Sizin hədəf kütlənizin izlədiyi tanınmış, brendinizə heç uyğun olmaya da bilər. Bu məqamla bağlı xüsusilə diqqətli olmalısınız.

İkinci kateqoriya - Bloqqerlər, yalnız müəyyən mövzu ətrafında paylaşım edən şəxslərdir. Burada əsas məsələ odur ki, onlar seçdikləri mövzu üzrə peşəkar hesab olunurlar. Müsbəti odur ki, siz çox tez reklam yerləşdirə və izləmə sayını artıra bilirsiniz. Mənfisi isə bəzən həmin profillərdə reklamları tez-tez və açıq-aydın göstərildikdə istifadəçilər tərəfindən məhsula qarşı güvən yaranmır. 

  • Maraq var? - var
  • Mesaj çatdırılıb? - çatdırılıb
  • Düz seçimdir? - Düzdür

Nə vaxt onlar yararlıdırlar?

Nə vaxt bu üsuldan istifadə etməliyik? Əlbəttə ki, cavab “hər zaman” deyil. Əslində bir neçə hədəflər üçün ən uyğun hesab etdiyim alətlərdən biridir.

  • “Reach” göstəricisini artırmaq istəyirsiniz. Öz işinizi açmısınız, yeni məkanı anons etmək, yeni məhsul çıxarmısınız, kitab yazmısınız və ya startup-ınızı tanıtmaq istəyirsiniz. Bloggerlər və onları izləyənlər bu işdə sizə kömək edə bilərlər.
  • “Ehtiyac” yaratmaq istəyirsinizsə. Məsələn: yeni restoran açmısınız. O zaman bloqqerlərlə iş eyni zamanda aparılmalı və “dalğa” effekti yaratmalısınız. Siz bir neçə şəxslə danışıb onlardan məkanınızla bağlı paylaşımlar etməklərini xahiş etməlisiniz. Əsas odur ki, bu paylaşımlar 1-2 gün ara ilə olsun. Bu zaman hədəf kütlənizdə “nəysə qaçırtdım” hissi yaranacaq və o, tez bir zamanda məkanı ziyarət etməyi özünə hədəf qoyacaq.
  • Əgər yeni bir aksiyanın anonsunu vermək istəyirsinizsə. Əslində bura istənilən xarakterli məlumat uyğun gələ bilər. Sadəcə sosial mediada bu şəxsləri tapın. 

Profilləri yoxlamağa dəyər?

Ən çox rastlaşdığım problemlərin əsasında çox zaman düzgün və ətraflı araşdırmanın olmaması durur. Şirkətlər araşdırma etməyib proqramlarla izləyici toplayan şəxslərlə və ya bir müddət öncə rəqiblərin məhsulunu tərifləyən bloggerlərlə işləməyə başlayırlar. Hər iki halda xərclədiyiniz vəsaitlər boşuna getdiyini nəzərə alsaq bu məsələnin nə qədər ciddi olduğunu başa düşərik.

Profil analizini apardıqda nələrə fikir verməliyik?

Hər zaman profilin aktivliyinə fikir verin. Bura həm şəkillərə gələn reaksiyalar, həm video baxışlar, həm də yazılan şərhlər vacibdir. Yüz minlərlə izləyici sayı olan şəxsin şəkilinə 10 bəyənmə gəlməsi sizi mütləq təəccübləndirməlidir. İdealda isə hər paylaşıma gələn bəyənmə sayı izləyicilərin 10% təşkil etməlidir. Şərhlərdən söz düşmüşkən, burada kəmiyyət deyil, keyfiyyət çox önəmlidir. Şərhləri izləyərkən həmin şəxsin hədəf kütləsini daha yaxşı başa düşüb, sizə uyğun olub-olmadığını daha tez anlaya bilərsiniz. Eyni zamanda çox rast gəldiyim məqamlardan biri də, şərhlərdə botların da çox yer tutmasıdır. Bu səbəbdən mütləq istifadəçilərin nə yazdıqlarını oxumalısınız. 

  • Məşhurdur? - Bəli
  • Məhsula maraq yarandı? - Xeyr (heç bir şərh məhsula aid deyil)
  • Kontent düzdür? - Xeyr (ilk baxışda şəklin bezlərin fonunda çəkilməsinin hansısa strategiyanın bir parçası olduğu fikrini yaratsa da, rus dilində latın hərflərlə yazılması bu fikirdən dərhal daşındırır :) )

Instagram biznes profillər imkanını yaratdıqdan sonra əksər agentliklər influenserlərdən statistikaları istəməyə başlayıblar. Bu göstəriciləri tələb etməkdən çəkinməyin, çünki yalnız bu göstəriciləri hələ ki, süni artırmaq mümkün deyil.

Onları harada axtaraq?

Adətən “Bloggerlərlə işləyək” tapşırığı bu sahədə yeni olanlar üçün çətin gəlir. Nədən başlamalı, haradan axtarmalı və nəyə fikir verməli olduqlarını bilmirlər. Mən bildiyim 3 yolu sizinlə paylaşıram:

1. İxtisaslaşmış saytlar

Ölkəmizdə ən böyük olan və bu yaxınlarda yenilikləri ilə bağlı tədbir keçirən Keepface. Saytda 2000-dən çox influenser mövcuddur. Vaxt itirməyib eyni zamanda 10-15 influenserlə işləmək istəyirsinizsə bu sayt sizə mütləq kömək edəcəkdir.

2. Agentliklər

Digital agentliklərin adətən öz yoxlanılmış siyahısı olur. Bu agentliklər bütün məsuliyyəti üzərlərinə götürür və sizə yekun nəticələri təqdim edir.

3. Öz əlim, öz başım

Bu üsul daha çox zaman tələb etsə də düzgün proses aparıldıqdan sonra nəticələrdən daha çox zövq alacaqsınız :)  Burada siz hədəf kütlənizin maraqlarını izləyib, həmin şəxsləri tapmalısınız. Məsələn, hədəf kütləniz orta statistik ikiuşaqlı analardır. Çox güman o, digər anaların həyatı ilə maraqlanacaq. Onun izlədiyi şəxslərə nəzər salıb brendinizə uyğun olanları tapa bilərsiniz. Burada mütləq bundan öncə və bundan sonra qeyd etdiklərim diqqətinizdən qaçmamalıdır.

Bəs effektivlik necə ölçülməlidir?

Ümumiyyətlə bir reklama başladığınız andan sonra diqqətli olmalısınız. Şirkət profilində hansı dəyişikliklərin baş verdiyini, influenserlərin paylaşımlarında pozitivi, neqativi və eyni zamanda neytrallığı da ölçməyi bacarmalısınız. Effektivlik deyiriksə demək əvvəlcədən bir məqsəd də var. Məqsədiniz nədir? “Daha çox satmaq? Tanınmaq? Müzakirə obyektinə çevrilmək?” Anlaşılmazlıq olmasın deyə, sizə əvvəlcədən müəyyən KPI-lar qoymağı tövsiyə edirəm. O zaman həm siz, həm də seçdiyiniz şəxs nəticəni əvvəlcədən təxmin edə biləcək. İnfluenseri yoxlamaq üçün ən çox istifadə olunan üsullardan biri dəqiq izləmədir: açar sözlərin, endirim üçün promo-kodlar və s.  Nəticələrdən aslı olaraq həmin şəxsin nə dərəcədə sizə uyğun olduğunu və gələcəkdə onunla işləyib-işləməyəcəyinizə qərar verə bilərsiniz.

Ənənəvi marketinq üsulların təsiri gedərək daha da azalır: insanlar böyük və rəngli bannerlərə diqqət etmirlər, TV-də reklamı çevirirlər, sosial mediada çıxan reklamları isə artıq avtomatik olaraq keçirlər. Biz insanlar reklama qarşı o qədər neytralıq ki, sanki illərlə bizdə reklama qarşı güclü immunitet yaranıb.

"Influencer Marketing" isə əksinə rəqəmsal dünyada daha aktual alətə çevrilməyə başlayıb, hədəf kütlənizə rahat çatmağınıza kömək edir. O, insanları istiqamətləndirərək məhsulu sərbəst öyrənməyə və seçim etməyinə şərait yaradır.

Düşünürəm ki, yuxarıda qeyd edilən məqamlara diqqət edilərsə şirkətlər istədikləri effekti əldə edib yalnız qazana bilərlər. 

 

Müəllif: Aynur Xan

 

BİZİ İZLƏYİN