Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

2020-dən dərslər
Tamerlan İsmayılov
Tamerlan İsmayılov
18 Yan, 2021
1615

2020-dən dərslər

2020-ci il elə keçdi ki, ictimaiyyətə açıq yazılarda fikrini tam ifadə eləmək çətindir. Ona görə də ilin təsvirini ötürüb, birbaşa bu ildən çıxartdığım bəzi nəticələri sizinlə bölüşmək istərdim. 

 

Nəticə 1: Böyük düşünmək və daim böyüməyə can atmaq lazımdır.

Bu il bizə göstərdi ki, necə bir anda hər şey dəyişə bilər, əlində olanlar sürətlə dəyərsizləşə və ya dəyəri arta bilər. Dünyanın düz vaxtında sürətlə böyümək lazımdır ki, böhran zamanlarında durğunluq və ya kiçilmə olsa da, nəticə olaraq yenə də böyük qala biləsən, böhran bitdikdən sonra isə yenidən sürət yığacaq gücün və resursların qalsın. 

 

Nəticə 2: Şəffaf və səmimi olmaq ən yaxşısıdır.

İnternetin həyatımızdakı rolunun artması ilə, həyatımız tam şəffaflaşıb. Mark qardaşımızın da yeni bəyənatlarından sonra, rahatlıqla deyə bilərik ki, bir sirrimiz qalmayıb :) Zarafat bir qırağa, bu il bir daha anladım ki, şəffaflıq, dürüstlük və səmimiyyət necə vacibdir. Pandemiya başlayan zamanlardan mümkün qədər vaxtında və açıq şəkildə komanda, müştərilər və partnyorlarla vəziyyəti müzakirə edib, lazımi qərarları verdik. Kimlərlə ki, bunu etməyə gecikdik və ya düzgün etmədiksə, o insanlarla münasibətə də xələl gəldi. Belə bir vəziyyət ilk dəfə olduğu üçün, əvvəldə bəzi səhvlər etdik, lakin sonrasında onlardan dərs çıxarıb prosesi daha düzgün idarə edə bildik. 

 

 

Nəticə 3: Düzgün tərəfdaşlar çox vacibdir.

Belə bir anlayış var, “yaxşı günün dostu”. Əksər bizneslər 2 və ya daha çox insan tərəfindən qurulur, vəziyyət yaxşı olanda, böyümə və mənfəət olanda münasibətlər əla olur (bu da həmişə olmur), amma böhran yarananda “bağda ərik” misalı yada düşür. Çıxartdığım bu nəticə yalnızca şirkətin ortaqlarına yox, həm də müştərilərinə, təchizatçılarına və s. aiddir. Böhran zamanında kompromisə getməyən, yalnız öz mənfəətini düşünən şəxs və şirkətləri 2020-də qoymalı, yeni ilə özümüzlə aparmamalıyıq.

 

 

Nəticə 4: Belə periodlarda qaranlığa söymək yox, baltanı itiləmək lazımdır.

2020-ci il bir çox sektorlar və şirkətlər üçün ən yaxşı halda durğunluq, ən pis halda isə müflisləşmə ilə nəticələndi. Edə biləcəyimiz bir şey yoxdursa, nə edə bilərik?! Əsas məsələ nəqativə qapılmamaq (nə qədər çətin olsa da) və ümidi itirməməkdir. Hər qaranlıqdan sonra aydınlıq gəlir, aydınlıq gələnə qədər isə baltanı itiləmək lazımdır. Balta misalı hardandır? Bir gün A. Linkolndan soruşurlar ki, sizə bu ağacı kəsmək üçün bir balta və 8 saat vaxt versə idilər, necə bir yanaşma edərdiniz? Deyir, onun 6 saatını baltanı itiləməyə sərf edərdim. Düzdür, bu tövsiyəni paylaşmaq üçün bəlkə də gecmiş kimi görünür, lakin öyrənmək və şəxsi inkişaf heç zaman gec deyil və daim baş verməli olan prosesdir.

 

 

Nəticə 5: Düzgün hesab-kitab aparmaq həyati vacibdir.

Bu il şirkət olaraq bizim üçün qırılma nöqtəsi daxili maliyyə komandası və sistemi qurmağımız oldu. Adam Smit deyir ki, əlinizdə çəkic olsa, hər şey sizə mismar kimi görünəcək. Biz də marketinqlə məşğul olduğumuz üçün elə bilirdik ki, marketinqi biliriksə qurtardı getdi. Sən demə şirkətin maliyyə kimi vacib bir ana sütunu var imiş. Tətbiq etdiyimiz yeniliklərdən sonra şirkətdə müsbətə doğru xeyli dəyişiklik oldu.

 

 

Nəticə 6: Uzaqda bir işıq olmalıdır.

İlin birinci yarısı şəxsən mənim üçün kifayət qədər produktiv keçsə də, pandemiyanın uzanması ilin ikinci yarısında enerjimi, ümidlərimi, həvəsi sovurub apardı. Heç nə etmək istəmirdim, səbəbi isə bəlli idi - sabaha ümid qalmamışdı. Bəzi xəbərlər artıq dünyanın əvvəlki kimi olmayacağını deyirdi. Doğrudan da, insana həmişə ümid lazımdır, amma ümid, laap uzaqda da olsa bir işıq görəndə çalışan əl fənəri kimi imiş. Tutunacaq heç bir şey olmayanda, ümid də olmur, bu da bir çoxlarında stress və depresiya yaratdı. İmkan vermək olmaz ki, o işıq da sönsün.

 

Görünən odur ki, yaxın aylarda normal həyatımıza geri dönə biləcəyik, amma düşünürəm bu sadəcə başlanğıc idi, artıq həyatımızda belə periodlara da öyrəşməliyik. Öyrəşməsinə öyrəşək, əvvəlkilərdən nəticə çıxarmaq və hər dəfəsində daha güclü olmaq şərtilə.

 

Sağlam qalın, 2021-də hər kəsə uğurlar!

BİZİ İZLƏYİN